Araz Əzimov: “Qarşı tərəf bilməlidir ki, Azərbaycan danışıqlarda vaxtı uzatmağa qarşı çıxır və müzakirələrə effektiv yanaşılmasını istəyir”

Araz Əzimov: “Qarşı tərəf bilməlidir ki, Azərbaycan danışıqlarda vaxtı uzatmağa qarşı çıxır və müzakirələrə effektiv yanaşılmasını istəyir”
# 07 dekabr 2009 08:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Bu mərhələdə əsas prinsiplərin müzakirəsi xarici işlər nazirləri deyil, prezidentlər səviyyəsində aparılır. Xarici işlər nazirləri yalnız danışıqlar prosesinin hazırlıq məsələləri ilə məşğul olurlar. Yaxın zamanlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri və yeni təklifləri tərəflərə təqdim edəcəyi gözlənilə bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O, münaqişənin nizamlanmasına dair yeni təkliflərin hazırlanmasının müəyyən mənada irəliləyiş olduğunu deyib: “Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr uzun müddətdir davam edir. İrəliləyiş əldə etmək asan iş olsaydı, bu çoxdan əldə edilmişdi. Hər bir xırda addımın müqabilində irəliləyişin əldə olunacağını gözləmək çətindir. Amma atılan hər addım öz-özlüyündə irəliləyişdir”.

Azərbaycanla Ermənistan arasında danışıqların dinamikasına toxunan Araz Əzimov prezidentlər arasında ildə bir neçə dəfə görüş keçirildiyini xatırladıb: “Bu, məncə dinamikadır. Dinamikanın müsbət olub-olmadığına gəldikdə isə görüşlərin davam etməsi prosesin faydalı olduğunu söyləməyə əsas verir. Amma qarşı tərəf bilməlidir ki, Azərbaycan müzakirələrə effektiv yanaşılmasını istəyir və müzakirələrdən yalnız vaxt uzatmaq üçün istifadə meyllərinə qarşı çıxır”.

Araz Əzimov regiona səfəri gözlənilən həmsədrlərin hansı təkliflər gətirə biləcəyi ilə bağlı sualı belə cavablandırıb: “Atılan addımlar aydındır, amma bu addımların ardıcıllığı prinsipi var. Öz yurd-yuvalarından qovulmuş əhali doğma evlərinə qayıtmalı, kommunikasiyalar bərpa olunmalı, torpaqlar işğaldan azad edilməlidir. Əhali öz evlərinə qayıtmayınca əməkdaşlıq qurula bilməz. Əməkdaşlıq olmasa, sülh ola bilməz. Sülh olmayınca isə heç bir status məsələsi müzakirə oluna bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR