İranlı ekspert: “Ümid edirik ki, Azərbaycan tərəfi də viza məsələsində hansısa müsbət addımlar atacaq”

İranlı ekspert: “Ümid edirik ki, Azərbaycan tərəfi də viza məsələsində hansısa müsbət addımlar atacaq”
# 08 dekabr 2009 14:34 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 14-də İran İslam Respublikasına (İİR) baş tutacaq səfər iki cəhətdən əhəmiyyətlidir. Qafqaz regionu üzrə siyasi təhlilçi, iranlı ekspert Həsən Behiştpur APA-ya açıqlamasında bildirib ki, son zamanlar iki dövlət arasında müəyyən sahələr üzrə münasibətlərdə inkişaf, fəallaşma nəzərə çarpır, o nöqteyi-nəzərdən bu səfər əlaqələrin daha da genişlənməsinə təkan verəcək, eləcə də müəyyən məsələlərin daha da dərindən müzakirəsinə imkan yaradacaq: “Buraya iki dövlət arasında neft və qaz məsələləri və eləcə də İran və Azərbaycanın məntəqədə rolu və birgə çoxşaxəli əməkdaşlıq daxildir”.

Ekspertin sözlərinə görə, Mahmud Əhmədinejadın prezidentliyinin ilk dörd ilində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalansa da, hələ də icra olunmayıb: “Səfərin ikincisi mühüm əhəmiyyəti odur ki, razılaşdırılmış, lakin icra olunmamış layihə və məsələlərin həyata keçməsi ilə bağlı addımlar atılacaq. Viza rejiminin ləğvi məsələsi də bu qəbildəndir. İran bilir ki, viza rejimi götürülsə, iki ölkənin insanları bir-birini daha yaxından tanıyar, eləcə də ikitərəfli əlaqələr və münasibətlərin inkişafına imkan yaranar. Bununla, həmçinin İranda bəzi qüvvələrin Azərbaycan əleyhinə, Azərbaycanda isə İran əleyhinə apardıqları mənfi təbliğat səngiyər. İran tərəfi vizanın götürülməsində həm də ona görə maraqlıdır ki, iki ölkə arasında münasibətlər həm də turizm baxımından inkişaf etsin, genişlənsin”.

H. Behiştpur Azərbaycan tərəfinin də viza rejimini ləğv edəcəyi təqdirdə, iki ölkə arasında gediş-gəlişin daha da rahatlaşacağını deyib: “Çünki son vaxtlar bəzi insanlar viza alınması məsələsini bir növ dəllallığa çeviriblər ki, bu da adi insanlar üçün ağıla gəlməz çətinlik yaradır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində viza rejimi yoxdur. Əlbəttə, viza məsələsi Azərbaycan dövlətinin öz işidir, amma ümid edirik ki, Azərbaycan tərəfi də viza məsələsində hansısa müsbət addımlar atacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR