Britaniyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin həllinin konturları müəyyənləşib və tərəflərə beynəlxalq təzyiq güclənib”

Britaniyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin həllinin konturları müəyyənləşib və tərəflərə beynəlxalq təzyiq güclənib”
# 09 dekabr 2009 07:24 (UTC +04:00)
Helsinki. Kəmalə Ramazanova – APA. “Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş əldə edilməsə, Türkiyə-Ermənistan münasibətlərində inkişaf çətin olacaq”. Bunu APA-ya açıqlamasında Böyük Britaniyanın “Chatham house” təşkilatının eksperti Neyl Makfarlen deyib. O bildirib ki, imzalanmış protokollar ratifikasiya tələb edir, bu isə istər Türkiyədə, istərsə də Ermənistanda çətinlik yaradır. N. Makfarlen “soyqırım” məsələsinin də normallaşma yolunda ciddi əngəl olaraq qaldığını söyləyib. Ekspert ümumilikdə prosesi müsbət qiymətləndirdiyini də əlavə edib. Onun fikrincə, hazırda Qarabağ münaqişəsinin həllinin konturları tam aydındır: “Tərəflərin bu həll planını qəbul etməsi üçün beynəlxalq təzyiq güclənib. Söhbət ondan gedir ki, bu təzyiq müsbət nəticəyə gətirib çıxaracaqmı?”

N. Makfarlen hesab edir ki, Dağlıq Qarabağda sülhə nail olmaq üçün əsas vəzifə bu ərazinin statusunun müəyyənləşdirilməsidir. O, Azərbaycanın maksimal dərəcədə muxtariyyət vəd etdiyini xatırladaraq bildirib ki, maksimal muxtariyyət yerli polisə, hərbi qüvvələrə, müstəqil vergi sisteminə malik olmağı, Ermənistanla xüsusi münasibətlər qurmaq, miqrasiyaya nəzarət hüquqları əldə etməyi və bu istiqamətlərdə beynəlxalq təminatları ehtiva edir: “Mən Azərbaycanın bu muxtariyyət konsepsiyasını qəbul edəcəyini düşünmürəm. Lakin tərəflər razılığa gəlməkdə maraqlı olsalar, daha fərqli variantlar tapmaq mümkündür”.

Ekspert Dağlıq Qarabağda münaqişənin alovlanmasını gözləmədiyini əlavə edib. Qərbin Cənub Qafqazdakı maraqlarına toxunan N. Makfarlen deyib ki, amerikalıları daha çox Rusiya ilə münasibətlər maraqlandırır və onlar Qafqazdakı məsələlərin buna əngəl olmasını istəmir. O, Avropanın da regionla bağlı vahid yanaşmasının olmadığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR