Sergey Markedonov: “Ötən ilin əsas yekunu Türkiyənin özünü Cənubi Qafqazda müstəqil oyunçu kimi təqdim etməsidir”

Sergey Markedonov: “Ötən ilin əsas yekunu Türkiyənin özünü Cənubi Qafqazda müstəqil oyunçu kimi təqdim etməsidir”
# 11 dekabr 2009 07:24 (UTC +04:00)
- Türkiyə-Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arasında əlaqə kontekstində Obama-Ərdoğan danışıqları zamanı verilən bəyanatların nəticələri necə ola bilər?

- Hesab edirəm ki, ötən ilin əsas yekunu Türkiyənin özünü Cənubi Qafqazda müstəqil oyunçu kimi təqdim etməsidir. Əvvəllər Türkiyənin ampluasını iki rolla xarakterizə edərdim – bu ölkə Azərbaycanın böyük qardaşı, NATO-nun isə kiçik qardaşıdır. Bu gün Türkiyə bu rolları dəyişmək niyyətindədir. Ankara rolunu təkcə Azərbaycanın himayədarı olmaqda görmür, özünü ABŞ-ın kiçik qardaşı, yaxud NATO-nun cənub marginalı hesab etmir, həm də müxtəlif “Qafqaz lövhələri”ndə oynayır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dəfələrlə bəyan edib: “Türkiyə - Avrasiya regionunun ana mərkəzidir”. Buna görə də bu ölkə ən azı üç regionda – Balkanlar, Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində öz rolunu müstəqil həyata keçirməlidir.

Amerika-Türkiyə münasibətlərində çoxsaylı problemlər var və son illər, xüsusilə keçmiş administrasiyanın vaxtında qarşılıqlı ittihamlar səsləndirilib. Bu, həm kürd probleminə münasibətlə, həm də ümumilikdə İraq probleminə baxışla bağlıdır. Cənubi Qafqaza gəldikdə isə, burada Amerika ilə Türkiyə arasında ciddi fikir ayrılığı yoxdur. Türkiyəyə müəyyən güzəştlər etmək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını sürətləndirmək və hansısa pozitiv nəticəyə nail olmaq lazımdır. Bu məsələ Vaşinqtonda ABŞ və Türkiyə rəsmilərinin əsas müzakirə mövzusu olub. Lakin çətin ki, ilin sonuna kimi hansısa tərəqqi əldə olunsun. Problem uzun müddət həll olunmayıb və ilin sonuna kimi bunun həllinə ümid bəsləmək olmaz.

Hesab edirəm ki, yenilənmiş Madrid prinsipləri - ötən ilin əsas sənədlərindən biridir. Bu bir növ çərçivələrdir, bu çərçivələr daxilində həll tapmaq mümkündür. Lakin məlum olduğu kimi sənəd hələ çiydir və orada bir-birinə zidd olan çoxlu müddəalar var. Lakin bu hər halda bir çərçivədir və bu çərçivə daxilində danışıqlar aparmaq olar.

- Doğurdanmı Rusiya, Fransa və ABŞ lazımi iradə nümayiş etdirərək həqiqətin gözünə dik baxacaq, işğalçıya öz yerini göstərəcək və işğal altında olan torpaqların azad edilməsinin zəruriliyində israr edəcək? Bu baxımdan münaqişənin qəti olaraq həlli istiqamətində ciddi irəliləyişlər gözləmək mümkündür?

- Hesab edirəm ki, yox. Rusiya-Gürcüstan münaqişəsi, yaxud ABŞ və Balkanlardakı münaqişələrdə olan, tərəflərdən birinin tam dəstəklənməsi kimi futbol prinsipi burada işləmir. Qarabağ münaqişəsinin mürəkkəbliyi də budur. Hətta münaqişənin hərbi yolla həllini təsəvvürümüzə gətirsək belə, bu halda parçalanma Türkiyə ilə Rusiya, yaxud Rusiya ilə ABŞ arasında deyil baş verməyəcək. Parçalanma bu ölkələrin daxilində olacaq, çünki ölkə daxilində müxtəlif elitalar müxtəlif maraqların daşıyıcılarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR