QAT sədri ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edib

QAT sədri ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edib
# 15 dekabr 2009 13:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, səfirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Terri Devidsonun Dağlıq Qarabağdakı qondarma rejimə yardım ayırması ilə bağlı mətbuata verdiyi açıqlama həqiqətdən və səmimilikdən çox uzaqdır: “Təmsil etdiyiniz ölkənin Konqresi hələ 1998-ci ildə Dağlıq Qarabağdakı qondarma və separatçı rejimə birbaşa yardım göstərilməsi haqda qərar qəbul edib. Sizin ölkə dünyanın bir çox separatçı rejimlərindən yalnız Dağlıq Qarabağdakı rejimə birbaşa dövlət yardımı göstərir. Bizim suallarımıza cavab verməyinizi xahiş edirik:

1. ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma rejimə birbaşa yardımı ilə bağlı qərarı nə üçün bu günə qədər ləğv edilməyib?
2. Ölkənizin 8 milyon dollar yardım ayırdığı qeyri-hökumət təşkilatı hansıdır? Dağlıq Qarabağda 8 milyon dollarlıq yardımı reallaşdıra biləcək belə bir QHT varmı?
3. Deyirsiniz ki, Azərbaycanda da məcburi köçkünlərə yardım göstərirsiniz. Bu yardımı nə vaxt, hansı formada, hansı təşkilatların vasitəsi ilə həyata keçirmisiniz?”

Müraciətdə bir daha diqqətə çatdırılır ki, ABŞ-ın separatçıları və işğalçı Ermənistanı bu cür dəstəkləməsi Azərbaycan cəmiyyətində mənfi reaksiya doğurur və antiamerika əhval-ruhiyyəsini gücləndirir: “Bunu Sizə çatdırmağı özümüzə borc bilir və ABŞ hökumətinin nəticə çıxarmasını arzu edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR