“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 18 dekabr 2009 14:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “The First News” İnformasiya Agentliyi ilə birgə layihə çərçivəsində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirib. Bu barədə APA-ya mərkəzin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində 2009-cu ildə atılmış addımlar, Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşlər, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin fəallaşmasına toxunulub. Tədbir iştirakçılarının gəldiyi ümumi fikrə görə, Minsk Qrupu çərçivəsində danışıqlar prosesində müsbət dinamika mövcuddur və bu dinamika 2010-cu ildə müəyyən nəticələr verəcəyinə ümid yaradır. Bundan başqa qeyd olunub ki, 2009-cu il intensiv danışıqlar ilidir, konkret nəticələr əldə olunmasa da, müəyyən prinsiplər üzərində ciddi işlər görülür. Türkiyənin danışıqlar prosesinə qoşulması isə müsbət siyasi hal kimi dəyərləndirilib.

Türkiyə-Ermənistan münasibətləri və ümumiyyətlə, son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən hadisələrə toxunan ekspertlər qeyd ediblər ki, 2008-ci il avqust hadisələrindən sonra dünyada çox ciddi geosiyasi dəyişikliklər baş verir. Türkiyə və Ermənistan arasında imzalanan protokollara gəldikdə isə, dəyirmi masa iştirakçıları iki dövlət arasında qarşılıqlı etibarın olmamasını söyləyərək, bu sənədlərin “ölü vəziyyətdə” qalmasını vurğulayıblar.

Moskva Bəyannaməsi, Madrid prinsiplərinə gəlincə, ekspertlər bunların gələcəkdə müsbət nəticələr üçün “tramplin” ola biləcəyini söyləyiblər və Azərbaycanın öz ədalətli mövqeyindən əl çəkməyəcəyini qeyd ediblər. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe isə iştirakçılar tərəfindən tənqid olunub.

Tədbirdə həmçinin Azərbaycan-Rusiya, Rusiya-ABŞ münasibətləri, güc dövlətlərin münaqişənin həllindəki rolu, enerji layihələri, xalq diplomatiyasında mövcud olan canlanma, təhlükəsizlik məsələsi və digər Azərbaycanın geosiyasəti üçün önəmli olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dəyirmi masada Prezident Administrasiyasının məsul əməkdaşları, millət vəkilləri, SAM-ın ekspertləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR