ABŞ və Norveçin Azərbaycandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi Bakının narazılığı çatdırılıb

ABŞ və Norveçin Azərbaycandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi Bakının narazılığı çatdırılıb
# 15 yanvar 2010 15:28 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Vaqif Sadıqov ilə keçirilən görüşlərdə cari ilin 12-13 yanvar tarixində Norveç Krallığının və ABŞ-ın Azərbaycandakı səfirliklərinin diplomatlarının Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekunları ilə bağlı səfirliklərin 13 yanvar tarixli mətbuat üçün birgə açıqlaması müzakirə olunub.

V. Sadıqov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını bildirib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib.

Bəzi dövlətlər tərəfindən Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verilməsi və belə halların siyasiləşdirilməsi cəhdləri qəbuledilməz kimi qiymətləndirilib. Xarici diplomatların belə hərəkətlərinin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığı və onların inkişafına xələl gətirə biləcəyi barədə xəbərdarlıq edilib.

Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən ölkədə akkreditə olunmuş diplomatların təhlükəsizliyinin təmin edilməsi öhdəliyinin həyata keçirilməsinə sadiq olduğu nəzərə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR