Onur Öymən: “Biz ilk gündən Ermənistanla imzalanmış protokolların tamamilə yanlış və lazımsız olduğunu söyləmişdik”

Onur Öymən: “Biz ilk gündən Ermənistanla imzalanmış protokolların tamamilə yanlış və lazımsız olduğunu söyləmişdik”
# 21 yanvar 2010 13:51 (UTC +04:00)
Bakı – APA. “Bu protokolların müzakirəsi də, imzalanması da son dərəcə yanlış idi və Türkiyənin ənənəvi dövlət siyasətindən kənara çıxmaq mənasına gəlirdi. Biz ilk gündən bəri bu protokolların tamamilə yanlış və lazımsız olduğunu söyləmişdik”. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanla imzalanmış protokolların taleyi barədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili, sabiq diplomat Onur Öymən deyib. O, protokollarda Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi və Qarabağ məsələsini həllinə dair bir cümlə də olmadığını xatırladıb. Keçmiş səfir bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarında da işğal altındakı ərazilərin boşaldılması şərtinin bu ölkə tərəfindən heç vaxt qəbul edilməyəcəyi fikri əksini tapıb.

O. Öymən protokolların taleyini parlamentə həvalə edən baş nazir Rəcəb Tayyib Ərdoğanı da tənqid edib: “Azərbaycan parlamentində “Qarabağ məsələsi həll edilmədən Ermənistanla əlaqə qurulmayacaq” demişdiniz. O zaman protokolları niyə imzaladınız? Türkiyə özünü çox çətin vəziyyətə salıb, yanlış iş görüb. İndi bu yanlışda israr etmədən protokolları parlamentdən geri götürmək lazımdır. Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra protokollar yenidən tərtib olunar və parlamentə təqdim edilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR