Hillari Klinton dünyada internet azadlığı sahəsindəki vəziyyətlə bağlı çıxış edib

Hillari Klinton dünyada internet azadlığı sahəsindəki vəziyyətlə bağlı çıxış edib
# 21 yanvar 2010 17:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Vaşinqtonda yerləşən Mətbuat Muzeyində dünyada internet azadlığı sahəsindəki vəziyyətlə bağlı çıxış edib.
APA-nın xəbərinə görə çıxış bu gün Bakıdakı Azərbaycan Media Mərkəzində internet vasitəsilə birbaşa yayımlanıb. H. Klinton deyib ki, ABŞ dünyada internetin real vəziyyətini daim öyrənir. Dövlət katibi bütün dünyada, xüsusilə avtoritar ölkələrdə internet və sosial şəbəkələrin vacib olduğunu deyib: “Avtoritar rejimlər üçün internetin inkişafı xeyir vermir, onlar bunu boğmağa çalışırlar”.

H. Klinton ötən il Çin, Tunis və Özbəkistanda internetə senzura qoyulduğunu, eyni zamanda Misirdə 40 bloqgerin həbs olunduğunu da deyib.

Dövlət katibi daha sonra bildirib ki, internet azadlığı ilə bağlı ABŞ-ın mövqeyi ümumbəşəridir: “İnternet azad olmalı və bu dəyərlər dəyişməməlidir. Bəzi ölkələrdə virtual divarlar var, Berlin divarı kimi... Amma Berlin divarı kimi virtual divarlar da söküləcək”.

İnternetdən təkcə sivil insanların deyil, terrorçuların da istifadə etdiklərini qeyd edən H. Klintonun fikrincə, həmçinin sivil insanlar terrorçuların məqsədlərinə çata bilməməsi üçün mübarizə aparmalıdırlar.

H. Klinton internet azadlığının qarşısının alınmasının mümkün olmadığını bildirib. O eyni zamanda İranda keçirilən prezident seçkilərində internetə qoyulan qadağaları da pisləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR