Prezident Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

Prezident Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib
# 22 yanvar 2010 22:06 (UTC +04:00)
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, prezident Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bu tədbirin Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib.

İki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini deyən prezident Azərbaycan və Rusiya ictimaiyyətinin müxtəlif təbəqələrinin bu əlaqələrin dərinləşməsi prosesinə fəal cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Humanitar sahədə də əməkdaşlığın genişləndiyini deyən prezident bu prosesin davam etdirilməsinin önəmli olduğunu qeyd edib.

Prezident ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial olduğunu söyləyib.

Dövlət başçısı vətəndaş cəmiyyətləri, həmçinin kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli olduğunu bildirərək, bu sahədə əməkdaşlığın dövlətlərin siyasi xəttinin müəyyənləşdirilməsində mühüm olduğunu deyib.

Prezident Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun Azərbaycanın humanitar sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib, ölkəmizin MDB məkanında humanitar əməkdaşlıq proseslərində fəal iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra prezident Azərbaycanla Rusiya arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “İTAR-TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Dostluq” ordenini təqdim edib.

Öz növbəsində M. Qusman onu ali ordenlə təltif etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, yazıçı Eduard Topol, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Leonid Slutski, SSRİ-nin xalq artisti İosif Kobzon, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Yefim Pivovar, Rusiya Federasiyası Federasiya Şurasının iqtisadi siyasət, sahibkarlıq və mülkiyyət məsələləri üzrə komitəsinin müavini Andrey Xazin Forumun təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Onlar Forumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirərək, onun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR