AŞ PA prezidenti: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini artırmalarına ehtiyac var”-EKSKLÜZİV

AŞ PA prezidenti: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini artırmalarına ehtiyac var”-<font color=red>EKSKLÜZİV</font>
# 26 yanvar 2010 19:59 (UTC +04:00)
- Avropa Şurası Parlament Assambleyasına sədrlik edəcəyiniz qarşıdakı iki il müddəti üçün prioritetləriniz nə olacaq? Konkret olaraq Cənubi Qafqaz regionu ilə bağlı hansısa planlarınız varmı?

- Təbii ki, Cənubi Qafqazla bağlı Avropa Şurasının yaxından maraqlandığı layihələr var. Bundan başqa, hər üç Cənubi Qafqaz ölkəsi, həmçinin Rusiya ilə bağlı bir çox hesabatlar var. Regionda bildiyiniz kimi ciddi problemlər də mövcuddur. Hazırda Azərbaycan və Ermənistan arasında problem var. Bununla bağlı Avropa Şurasının qəbul etdiyi qərarlara görə, Azərbaycan torpaqları işğal olunub, hələ həllini tapmamış bir Qarabağ münaqişəsi var. Avropa Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi, Azərbaycanın milli sərhədləri daxilində göstərilib. Bölgədəki əsas problemlərdən biri budur. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə yaradan səbəblərdən biri də bu problemdir. Avropa Şurası prizmasından real olaraq baxdığımız zaman da bunun bir gerçək olduğunu görürük. Yəni, əslində mən bunu sadəcə türk olduğum üçün söyləmirəm, reallığı deyirəm.

Həmçinin Cənubi Qafqaz bölgəsində Rusiya ilə Gürcüstan arasında ciddi problem yaşanır. Avropa Şurası bu məsələyə də çox ciddi diqqət ayırır. Lakin bu problem Qarabağ münaqişəsindən fərqli olaraq, yeni və isti hadisə kimi ortaya çıxdı. Bizim bu məsələnin siyasi həlli sahəsində nə dərəcədə uğur qazanıb-qazanmayacağımızı indidən demək mümkün deyil. Amma humanitar baxımdan bu müharibə nəticəsində insani fəlakətləri aradan qaldırmaq üçün lazımi işlər görürük. Məncə, biz bunu davam etdirməliyik.

Əlbəttə ki, Azərbaycan torpaqlarının işğalı və Azərbaycanla Ermənistan arasındakı mövcud münaqişə nəticəsində də insanlar qətlə yetirilib, qaçqın və məcburi köçkünlər var, onlarla bağlı da humanitar problemlər mövcuddur. Bununla bağlı da bir çox hesabatlar qəbul edilib, tövsiyyə xarakterli qərarlar olub. Avropa Şurası məkanına daxil olan bütün ölkələr öz öhdəliklərini yerinə yetirməlidirlər. Biz bütün məsələlərlə bağlı tərəflərə konstruktiv münasibət göstərməkdə davam edəcəyik. Əsasən də insani, humanitar məsələlərə daha çox diqqət ayıracağıq.

Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sürətləndirilməsini arzu edirik. Son zamanlar bu məsələdə ciddi intensivləşmə müşahidə olunur. Həmsədrlərin daha da fəallaşmaları lazımdır. Biz də öz tərəfimizdən onlara dəstək verəcəyik.

Bir sözlə, biz Cənubi Qafqazdakı problemlərin, dondurulmuş münaqişələrin tezliklə həll olunmasını istəyirik.


- AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olunacaqmi? Bu komitəyə yeni sədrin seçilməsi məsələsi nə yerdədir?

- Mən Assambleyanın rəhbəri seçilməmişdən də bu məsələ gündəmdə idi. Hətta dekabrda keçirilmiş son iclasda da bu məsələ səsləndirilmişdi. Amma bir daha söyləyim ki, Dağlıq Qarabağ problemi ilə daha çox ATƏT məşğul olur. Bizim də problemin həllinə dəstək verməyimiz üçün alt komitənin fəaliyyətini davam etdirməsinə ehtiyac var. Məncə, komitənin bir müddət fəaliyyətsiz qalmasında başqa məna axtarmağa ehtiyac yoxdur. Amma bundan sonra komitənin fəaliyyətinə xüsusi diqqət yetirilməlidir.

- Cənubi Qafqazda mədəni abidələrin monitorinqi aparılacaqmı? Bununla bağlı cənab O’haranın səfəri nə zaman baş tuta bilər?

- Buna cənab O’haranın özü və aid olduğu komitə qərar verəcək. Əsas qərar komitənindir, Azərbaycan Avropa Şurasına üzv olduğu üçün AŞ PA bürosundan bu səfər üçün xüsusi icazə almağa lüzum yoxdur. Bu səfərin baş tutması üçün komitənin qərar çıxarması yetərlidir.

- Azərbaycanda ümumilikdə Avropa Şurasının təməl prinsipləri olan demokratiya, insan haqları, söz azadlığı kimi məsələlərin vəziyyətinə dair fikriniz necədir?

- Biz yalnız Azərbaycanda deyil, Türkiyə də, Avropa Şurasına daxil olan digər ölkələrdə də adını çəkdiyiniz sahələrdə vaxtaşırı lazımi islahatların aparılmasını arzulayırıq. Avropa Şurası məkanına daxil olan bütün ölkələrin qurumun prinsip və standartlarını qəbul edib, tətbiq etmələrini arzulayırıq.

Bu standartların tətbiqi hər şeydən əvvəl o ölkələrin vətəndaşları üçün lazımdır. Azərbaycanda da bu illər lazımi inkişafın olduğunu gördük, biz bu inkişafın artaraq davam etməsini, daha da sürətlənməsini istəyirik. İstəyirik ki, Azərbaycan Avropa Şurasının standart və kriteriyalarına mümkün qədər tez çatsın. Türkiyədə də bir çox problemlər oldu, indi də həll edilməsi vacib olan məsələlər var. Məsələn, indi Türkiyənin hər şeydən əvvəl yeni bir Konstitusiyaya ehtiyacı var. Çünki ölkədə islahatlar aparılmasına hazırkı Konstitusiya mane olur. Yəni, bu cür problemlər bütün ölkələrdə var və bütün ölkələrin demokratik standartlara uyğunlaşmasını arzulayırıq.

- Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin görüşü nəzərdə tutulurmu?

- Təbii ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə görüşmək, hətta hər iki ölkəyə səfər etmək də istərdim. Çünki biz dialoq tərəfdarıyıq və konstruktiv dialoqun bərpa edilməsi vacibdir. Bu yöndə hərəkət etməyə davam edəcəyik. Yəni bu ilk həftəm, həm də sessiyanın özündə çox məsələlər olduğu üçün onlarla görüşüb görüşə bilməyəcəyimi dəqiq bilmirəm. Amma çox arzu edirəm ki, görüşüm. Bu sessiya zamanı olmasa da, növbəti sessiyalarda hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmək niyyətindəyəm. Qeyd edim ki, əvvəllər də belə görüşlər olub. Bundan sonra da həm birlikdə, həm də ayrı-ayrılıqda görüşlərimizi davam etdirəcəyik.

- Azərbaycana nə vaxt səfər edəcəksiniz?

- Azərbaycandan nə vaxt dəvət gələrsə, biz o zaman gedərik. Hələ səfər proqramım tam hazır deyil. Amma Azərbaycana AŞ PA prezidenti kimi səfər etməyi çox istərdim.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR