Türkiyəli jurnalistlər Qubadakı kütləvi məzarlığı ziyarət ediblər

Türkiyəli jurnalistlər Qubadakı kütləvi məzarlığı ziyarət ediblər
# 30 yanvar 2010 14:29 (UTC +04:00)
Quba. Könül Abdullayeva - APA. Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlər Qubada ermənilər tərəfindən törədilən soyqırımın qurbanlarının sümüklərinin olduğu kütləvi məzarlığı ziyarət ediblər. APA-nın şimal bürosunun xəbərinə görə, kütləvi məzarlıqla tanış olan “Kanal D” televiziya kanalının və “First biznes” jurnalının əməkdaşları Azərbaycanda ermənilərin törətdiyi vəhşiliklərdən dəhşətə gəldiklərini bildiriblər.

“Kanal D”nin əməkdaşı Abdulla Türksoy deyib ki, bir müddət öncə Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə getmək istəyiblər, lakin erməni tərəfi bunun yalnız Ermənistan vasitəsilə mümkün olduğunu onların nəzərinə çatdırıb. Telereportyor Azərbaycanda erməni vəhşiliklərinin izlərini lentə almaq qərarına gəlib. Türkiyəli jurnalistlər Azərbaycanda ermənilərin törətdikləri soyqırımın dünyaya çatdırılmasının vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, Türkiyə KİV nümayəndələrinin Azərbaycana səfəri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR