ABŞ müdafiə nazirinin müavini: “Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır, biz ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk”

ABŞ müdafiə nazirinin müavini: “Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır, biz ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk”
# 18 aprel 2010 14:18 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirərək, Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına gərə təşəkkürünü bildirib. Bəyanatda deyilir: “Müdafiə Nazirliyi Azərbaycanın Əfqanıstanda, zorakı ekstremizmlə mübarizədə, regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi beynəlxalq səylərini yüksək qiymətləndirir.

Azərbaycan Əfqanıstan İslam Respublikası hökuməti və xalqı üçün öhdəlik götürməklə liderlik nümayiş etdirir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində sabitlik və yenidənqurma sahəsində zəruri olan təhlükəsizliyi bərqərar etmək və onun dayanaqlılığını təmin etmək məqsədilə Azərbaycanın hərbi kadrları Birləşmiş Ştatlar, müttəfiqlərimiz və digər tərəfdaşlarla çiyin-çiyinə dayanır.

Azərbaycan İSAF və əfqan təhlükəsizlik kadrlarını yenidən təchiz edən və Əfqanıstanın yenidən qurulması üçün zəruri materiallarla təmin edən qlobal hava və yerüstü şəbəkəsində mühüm yer tutur. Azərbaycan, həmçinin yenidənqurma işlərində göstərdiyi səylərə gərə liderdir. Azərbaycanlılar əfqan diplomatları, həkimləri, mina təmizləyən qruplar, polis və sərhəd mühafizə kadrlarına təlim keçir. Azərbaycan yenidənqurma sahəsində, o cəmlədən ən çox ehtiyacı olan xəstəxana və məktəblərə töhfə verir. Azərbaycanın hərbi və mülki dəstəyi əfqanları tez bir zamanda öz təhlükəsizlik və inkişafı baxımından öhdəlik götürməsi üçün gücləndirməyə kömək edir.

Azərbaycan hökuməti zorakı ekstremizmə qarşı mübarizədə mühüm müttəfiq olub. Azərbaycan hakimiyyəti ABŞ və digər xarici maraqlara qarşı hücumları dəf etməkdə köməklik edib, saysız-hesabsız təxribat cəhdlərini aradan qaldırıb. Bu yaxınlarda Moskva metro sisteminə edilən dəhşətli hücum bir daha göstərir ki, biz bu təhlükələrə qarşı həmişəkindən də ayıq olmaqla, birlikdə mübarizə aparmalıyıq.

Heç birimizin təklikdə həll edə bilmədiyimiz çeşidli qlobal çətinliklərlə üzləşdiyimiz bir dövrdə, Birləşmiş Ştatlar iki ölkə arasında güclü və dinamik tərəfdaşlığa çalışır. Biz, möhkəm dostlarıq, təhlükəsiz, demokratik və çiçəklənmiş bir dövlətin inkişafına dəstək vermək məqsədilə Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək üçün öhdəlik götürmüşük”.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə müavini M. Flurni şənbə günü Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə baş məsləhətçisi olan müdafiə nazirinin müavini, xanım Flurni ABŞ-ın Azərbaycanla strateji münasibət üzrə öhdəliyini bir daha təsdiqləyib. O, regional sabitlik və inkişafa təkan verilməsi istiqamətində ABŞ-la Azərbaycan arasında qarşılıqlı maraqları müzakirə etməyə müvəffəq olub. M. Flurni, həmçinin təkrar vurğulayıb ki, Birləşmiş Ştatlar Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda köməklik göstərmək üçün yüksək səviyyədə iştirakını davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR