Əli Həsənov: “Ermənistanın nə prezidenti, nə də xarici işlər naziri öz iradəsi ilə hərəkət etmir”

Əli Həsənov: “Ermənistanın nə prezidenti, nə də xarici işlər naziri öz iradəsi ilə hərəkət etmir”
# 21 aprel 2010 10:18 (UTC +04:00)
ATƏT-in həmsədrlər institutunun Dağlıq Qarabağ məsələsinin həllində irəliləyişə nail olmaq baxımından fəaliyyətindən narazıyıq. Ona görə ki, bu məsələ neçə illərdir ölü nöqtədən tərpənmir, hərəkət yoxdur. Ermənistan bir görüşdə razılaşdığı məqamı digər görüşdə təkzib edir, yenidən təkrar-təkrar məsələnin üstünə qayıtmağa çalışır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, artıq bu məsələdə ortaya beynəlxalq hüquq normalarından irəli gələn iradə qoymağın vaxtıdır: “Minsk Qrupunun fəaliyyətinə baxmaq, onun tərkibini müəyyən eləmək səlahiyyəti Azərbaycana aid deyil. Bu, ATƏT-in institutudur, onun tərkibini və dövlətlərin sayını da ATƏT müəyyənləşdirir. Əgər ATƏT-in növbəti sammitində belə narazılıq olsa, əlbəttə, Azərbaycan öz mövqeyini bildirə bilər. Amma son zamanlar Avropada və dünyada bu məsələ ətrafında bir narahatlıq var. Narahatlıq da ondan ibarətdir ki, həmsədrlər institutu indiyə qədər ciddi bir nəticə ortaya qoya bilməyib. Hazırda söhbət gedir ki, bəlkə Avropa Birliyi orada hansısa şəkildə təmsil olunsun. Başqa təkliflər də var. Türkiyənin təmsilçiliyi məsələsi də gündəmdə var. Nə qədər dövlət varsa, bir o qədər də təklif var. Təklifləri dəyərləndirmək isə ATƏT-ə məxsusdur”.

Ə. Həsənov Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyənin Minsk Qrupunda təmsilçiliyinə etirazına da münasibət bildirib: “Ermənistan XİN artıq özü də nəyə etiraz etdiyinin fərqində deyil. Bir tədbirdə razılaşdırılmış təkliflərin növbəti tədbirdə yenidən qaldırılması ondan xəbər verir ki, bu dövlət öz iradəsi ilə hərəkət etmir. Bu dövlətin nə prezidenti, nə xarici işlər naziri öz iradəsi ilə hərəkət etmir. Ona görə də Dağlıq Qarabağ probleminin həllində də ciddi fövqəladə irəliləyiş görünmür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR