Amerikalı ekspert Edvard Çou: “Enerji sahəsində regional əməkdaşlıq və inkişaf yolunda yeganə mənfi amil Dağlıq Qarabağ münaqişəsidir”

Amerikalı ekspert Edvard Çou: “Enerji sahəsində regional əməkdaşlıq və inkişaf yolunda yeganə mənfi amil Dağlıq Qarabağ münaqişəsidir”
# 23 aprel 2010 07:44 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, George Washington Universiteti Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Xəzər regionunda enerji və geosiyasət mövzusunda keçirilmiş konfransda enerji məsələləri üzrə analitik Edvard Çou belə deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycan xarici sərmayədarların etibarını qazanıb və bu, təkcə bu ölkənin deyil, ümumilikdə bütün regionun inkişafı üçün əsas amillərdən biridir. Çou deyib ki, bu etibarı qoruyub saxlamaq çox vacibdir və bu hər bir ölkənin qarşısında duran çətin vəzifədir. Analitik əminliklə deyib ki, Azərbaycan bu işin öhdəsindən bacarıqla gəlir.
Buna baxmayaraq analitik belə fikirləşir ki, enerji sahəsində regional əməkdaşlıq və inkişaf yolunda yeganə mənfi amil Dağlıq Qarabağ münaqişəsidir. “Münaqişə tezliklə həll olunmalıdır, çünki bu təkcə Azərbaycan üçün deyil, bütün regionun sabitliyi üçün lazımdır”.
ABŞ-ın Xəzər regionundakı maraqlarından danışan analitik qeyd edib ki, Azərbaycan bu siyasətdə böyük rola malikdir. ABŞ Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə Azərbaycan kimi etibarlı tərəfdaş vasitəsilə ötürülməsində maraqlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR