ABŞ konqresmenləri Azərbaycanla bağlı qəbul olunmuş “907-ci düzəliş”in ləğvinə çağırırlar

ABŞ konqresmenləri Azərbaycanla bağlı qəbul olunmuş “907-ci düzəliş”in ləğvinə çağırırlar
# 29 aprel 2010 12:14 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, işçi qrupunun həmsədrləri Bill Şuster, Solomon Ortiz, eləcə də fəal üzvləri Maykl MakMahon və Eddi Bernis Conson tərəfindən imzalanan məktubda qanunvericilər alt komitə sədrini 2011-ci maliyyə ili büdcəsinə baxılarkən ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə səbəb olan yardım proqramlarını dəstəkləməyə çağırıblar.

Onların fikrincə, bir sıra mühüm məqamlar nəzərə alınmalı, o cümlədən, separatçı Dağlıq Qarabağ rejiminə vəsait ayrılmamalıdır. Bununla bağlı narahatlığını ifadə edən Konqres üzvləri nəzərə çatdırıblar ki, beynəlxalq icma tərəfindən suveren Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda etnik azərbaycanlı qalmayıb. Münaqişə həm Ermənistan, həm də Azərbaycan üçün olduqca həssas məsələdir. Bəzi qruplar isə Konqresin iradəsindən öz siyasi məqsədləri üçün istifadə edirlər. Konqres üzvləri xatırladıblar ki, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi təmsil olunan ABŞ münaqişədə bitərəf mövqedən çıxış edir. Alt komitə bu bitərəfliyi pozan, bölgədə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlərə xələl gətirən hər bir addımdan çəkinməlidir.

Konqresmenlər məktubda, həmçinin 1992-ci ildə Azadlığa Dəstək Aktına əlavə edilən “907-ci düzəliş”in birdəfəlik aradan qaldırılmasına çağırıblar. Onlar qeyd ediblər ki, bu düzəliş ABŞ-ın Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edərək, ölkələrimiz arasında strateji tərəfdaşlığın genişlənməsinə ciddi əngəl törədir.

Konqres üzvləri bildiriblər ki, müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq Obama hakimiyyətinin xarici siyasət prioritetlərindən biri olduğu təqdirdə, ABŞ-ın enerji təhlükəsizliyi, beynəlxalq terrora qarşı mübarizə və digər sahələrdə etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlər daha da qüvvətləndirilməlidir.

Qrup üzvləri xanım Louidən bütün bu məqamları nəzərə alaraq, həmin qeydləri qanun dilində 2011-ci maliyyə ilinin büdcəsinə daxil etməyə çağırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR