Andjey Tseşkovski: ““Şərq Tərəfdaşlığı” proqramına münaqişələrin həlli məsələləri daxil deyil”

Andjey Tseşkovski: ““Şərq Tərəfdaşlığı” proqramına münaqişələrin həlli məsələləri daxil deyil”
# 26 may 2010 16:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Münaqişələrin həll olunması məsələləri “Şərq Tərəfdaşlığı” proqramına daxil deyil”. APA-nın Polşaya ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Polşa xarici işlər nazirinin “Şərq Tərəfdaşlığı” məsələləri üzrə səlahiyyətli nümayəndəsi Andjey Tseşkovski deyib.

«Biz nə Dağlıq Qarabağ, nə Dnestryanı, nə də Gürcüstanın problemləri ilə məşğul olmuruq” deyən diplomat proqramın əsas məqsədlərinin nədən ibarət olduğunu xatırladıb. O deyib ki, Polşa və İsveçin təşəbbüsü ilə həyata keçirilən bu proqramın məqsədi tərəfdaş ölkələri Avropa dəyərlərinə və standartlarına yaxınlaşdırmaq, assosiativ müqavilələr imzalamaq, iqtisadi inteqrasiyaya nail olmaq və viza rejimini sadələşdirməkdir.

Viza rejiminə gəldikdə o bildirib ki, Gürcüstanla bu məsələdə razılıq əldə olunub, İspaniyanın sədrliyi dövründə müvafiq sənəd imzalanması mümkündür.

Diplomatın daha sonra növbənin Moldovaya çatacağını bildirib: “Ukrayna ilə artıq belə bir rejim mövcuddur. Əgər əvvəllər Ukrayna vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün viza rüsumu kimi 60 avro ödəyirdisə, indi onun qiyməti 35 avrodur. Elə kateqoriya insanlar var ki, məsələn jurnalistlər, onlar bu vizanı asan almaq imkanı əldə ediblər”.

“Şərq Tərəfdaşlığı” proqramının məqsədlərindən birinin kiçik və orta biznesin inkişafına yardım edilməsi olduğunu xatırladan Tseşkovski bildirib ki, bu məqsədlə yaxşı şərtlər əsasında 400 milyon avro yardım ayrılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR