“Stratfor” prezidenti: “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ya Ermənistanın xarici siyasət kursunun dəyişməsini, ya da münaqişənin tam donmasını gözləmək lazımdır”

“Stratfor” prezidenti: “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ya Ermənistanın xarici siyasət kursunun dəyişməsini, ya da münaqişənin tam donmasını gözləmək lazımdır”
# 10 iyun 2010 10:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində ABŞ-ın xarici siyasəti mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə ABŞ-ın məşhur “Stratfor” qlobal analitik şirkətinin prezideti, professor Corc Fridman da iştirak edib. O çıxışında bildirib ki, ABŞ-ın heş də həmişə bir sıra məsələlərlə bağlı konkret mövqeyi və strategiyası olmur. Ölkəsinin Cənubi Qafqaz regionuna yönəlik siyasətinə gəldikdə Fridman bildirib ki, “bu siyasət Rusiya, İran və Türkiyənin yürütdüyü siyasətdən asılıdır. ABŞ-ın bir sıra məsələlərlə bağlı konkret strategiyası yoxdur. Ölkə 11 sentyabr hadisələrinin törətdiyi şokdan hələ çıxmayıb. ABŞ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən münaqişəyə müdaxilə etmədi, çünki münaqişə sürətlə inkişaf etdi və Vaşinqton müdaxiləyə macal tapmadı. Bundan başqa ABŞ daha çox İraq, Əfqanıstan və bu kimi digər məsələlərlə məşğuldur. Regionda situasiya dinamik olaraq dəyişir və ola bilsin ki, 2012-2014-cü illərdə Gürcüstandakı münaqişə həllini tapsın”.

İştirakçıların suallarını cavablandıran Corc Fridman qeyd edib ki, Azərbaycan ABŞ-ın mühüm prioritetləri sırasına daxil deyil və iki ölkənin münasibətləri daha yaxşı zəmində qurula bilər. “Stratfor” prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ya Ermənistanın xarici siyasət kursunun dəyişməsini, ya da münaqişənin tam donmasını gözləmək lazımdır: “Müharibə münaqişənin həlli üçün çıxış yolu deyil, bu məsələnin beynəlxalq birliyə necə təsir edəcəyi sualı üzərində düşünmək daha yaxşıdır. Bu məsələdə risk etməyə və güc tətbiqinə dəyərmi? Buna qərar vermək lazımdır. Çünki müharibə gözlənilməz nəticələrə gətirib çıxara bilər”.

Xatırladaq ki, Corc Fridman 1996-cı ildən “Stratfor” qlobal analitik mərkəzinə rəhbərlik edir. O, “Növbəti 100 il”, “Amerikanın gizli müharibələri, “Gələcək müharibələr” adlı monoqrafiyaların müəllifidir. “Stratfor” qlobal analitik şirkəti iqtisadi və geosiyasi proqnozlar hazırlayır. Qeyd edək ki, “Stratfor” APA ilə əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR