Azərbaycan siyasətçiləri və politoloqları Rusiya ilə Ermənistan arasında hərbi protokolda nəzərdə tutulan əlavəyə sərt münasibət bildiriblər - SORĞU

Azərbaycan siyasətçiləri və politoloqları Rusiya ilə Ermənistan arasında hərbi protokolda nəzərdə tutulan əlavəyə sərt münasibət bildiriblər - <font color=red>SORĞU</font>
# 02 avqust 2010 13:28 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə Rusiya ilə Ermənistan arasındakı hərbi protokola nəzərdə tutulan əlavəyə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Rusiya Ermənistanın adından Azərbaycan torpaqlarını işğal edir, Ermənistan ordusunu silahlandırır və hərbi müqavilələr bağlayır: “Rusiya aqressiv imperiyadır, tarix boyu önünə gələni qamarlayıb. Amma indi xeyli zəifləyib”.

Nəzərdə tutulan əlavəyə Azərbaycanın hansı reaksiya verməsinə gəldikdə, V. Quluzadə bildirib ki, Rusiya Azərbaycan tərəfindən olacaq etiraza reaksiya verməyəcək: “Nota veriləcəksə, Rusiya heç vaxt belə notaları nəzərə almır. Bu günə qədər Azərbaycanın dəfələrlə belə bəyanatları olub, Rusiya heç birinə reaksiya vermir”.

Politoloq Rasim Musabəyov Rusiyanın bu addımının vasitəçilik missiyası ilə daban-dabana zidd olduğunu qeyd edib. O, Rusiyanın bu sənədlə Ermənistanla bəzi məsələlərlə bağlı qeyri-rəsmi olan əməkdaşlığını rəsmiləşdirdiyini qeyd edib: “Gümrüdəki bazanın yarıdan çoxu ermənilərdən ibarətdir. Hamı gözəl bilir ki, ermənilər Rusiyanın puluna öz ərazisində qoşun saxlayır. Həmin hərbi hissənin ermənilər tərəfindən çıxış etməsi gözlənilən idi. Bu qərarla məsələ rəsmiləşir. Yəni əvvəllər bu hərbi hissənin hər hansı hərəkəti üçün Moskva qərar verməli idi, indi isə bu hissə faktiki olaraq erməni ordusu ilə birgə Ermənistanın hərbi məqsədlərinə xidmət edəcək. Bu bitərəf mövqe üçün Rusiyaya yer saxlamır”.

“REAL” Vətəndaş Birliyinin həmtəsisçisi politoloq İlqar Məmmədov Rusiyanın Azərbaycana qarşı mənfi addımlarını davam etdirdiyini bildirib. Bunun Rusiya ilə Ermənistan arasında ilk addım olmadığını bildirən politoloq bu ilin əvvəlindən Rusiya tərəfinin Azərbaycana qarşı bir sıra xoşagəlməz addımlar atdığına diqqət yetirib: “Rusiya tərəfi açıq şəkildə antiazərbaycan siyasəti yeridir. Bir ay əvvəl rus Provaslav kilsəsinin Azərbaycanın işğal olunmuş ərazilərində yeni kilsənin tikilməsinə başladı, Rus Pravoslav Kilsəsinin Moskvadan gələn rəsmi təmsilçisi burada iştirak etdi. 200 il əvvəl də Rusiya belə siyasət yeridirdi, Azərbaycan torpaqlarını türklərdən, müsəlmanlardan təmizləyib, kilsələr tikirdi. Bu hələ son deyil və davamı da olacaq. Rusiya bütün sahələrdə Ermənistana dəstək verir və bu Rusiyanın Azərbaycana qarşı pis niyyətindən irəli gəlir”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Rusiyanın Ermənistanı öz forpostu hesab etdiyini və gerçəklikdə də Ermənistan real, müstəqil dövlət olmadığını bildirib. Ermənistanın Rusiyanın nəzarətində olan bir dövlət olduğunu deyən partiya başqanı protokola nəzərdə tutulan əlavəni də Rusiya-Ermənistan arasında gerçək münasibətlərin daha bir sənədlə təsdiqi kimi qiymətləndirib: “Faktiki olaraq Ermənistanla hərbi müttəfiq olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilərdən biri, həmsədr olmasında təbii ki, münaqişənin həllinə müsbət bir çalar qatmır. Aydın məsələdir ki, Ermənistanın müttəfiqi olan Rusiya bu münaqişənin həllində tərəfsiz və obyektiv mövqe tuta bilməz. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələyə münasibətini bildirməlidir. Amma eyni zamanda bu Rusiya-Ermənistanın gerçək müttəfiqliyinin daha bir sənədlə qeydidir. Bu sənəd əslində situasiyanı köklü şəkildə dəyişən deyil”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Rusiyanın bu addımının vasitəçilik missiyasına sığmadığını deyib. Ermənistanın arxasında Rusiyanın dayandığını və problemin həllində Rusiyanın maraqlı olmadığını bildirən partiya sədri hesab edir ki, Azərbaycan tərəfi bu məsələyə öz reaksiyasını bildirməlidir: “Narışkin Azərbaycanda səfərdədir və Azərbaycan bundan istifadə edib Rusiya qarşısında məsələ qaldırmalıdır ki, Rusiyanın Azərbaycanda da hərbi bazası var və analoji müqavilə Azərbaycanla da bağlanmalıdır. Rusiya Azərbaycanın da ərazi bütövlüyünə təminat verməli, Ermənistandakı kimi Azərbaycan ordusunun da gücləndirilməsi məsələsində öz üzərinə öhdəlik götürməlidir. Belə öhdəlik götürməyəcəksə, Rusiyanın Azərbaycanda hərbi baza saxlaması absurddur. Azərbaycan Rusiyanın burada marağının nədən ibarət olması məsələsini aydınlaşdırmalıdır və bu münaqişədə tərəf kimi Ermənistanı yox Rusiyanı tanımalıdır. Hesab edirəm ki, Azərbaycan Rusiya ilə anlaşmalı, əlaqələri gücləndirməli və açıq müzakirə aparmalıdır. Bu münaqişənin həllində güzəştə getmək lazımdırsa, Ermənistana yox, Rusiyaya güzəştə getmək lazımdır”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirir ki, əvvəlcə bu informasiyanı dəqiq yoxlamaq lazımdır. Dəfələrlə Ermənistan tərəfinin informasiyaları özünə sərf edən formada təqdim etdiyini bildirən millət vəkili sonradan tamam fərqli informasiyanın ortaya çıxdığını bildirib: “Hətta deyilən informasiya düzgün olsa belə, mən hesab edirəm ki, bu Azərbaycan üçün böyük bir təhlükə törətmir. Söhbət Gümrüdə olan hərbi bazanın Ermənistanın hərbi təhlükəsizliyini qorumasından gedir, Dağlıq Qarabağ və ətraf zona Ermənistan deyil. Orada Ermənistanın qonşu dövlətlərlə hərbi təcavüzünü dəstəkləməkdən söhbət getmir və gedə də bilməz. Bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə operativ qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. O zaman həmin təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəstəklənməsi kimi qələmə verdilər. Amma sonradan həmin təşkilatın nümayəndələri bunun hər hansı bir ölkəyə yönəlmədiyini və ancaq bloku üzvlərinin təhlükəsizliyi ilə bağlı məsələ kimi qiymətləndirdilər. İndiki məsələ də Ermənistan sərhədləri ilə məhdudlaşmalıdır. Rusiya kimi nüfuzlu ölkə heç bir zaman Ermənistanın qonşu dövlətlərə qarşı iddiasına həmmüəllif ola bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR