Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürməsini nəzərdə tutan sənəd imzalanıb

Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürməsini nəzərdə tutan sənəd imzalanıb
# 20 avqust 2010 10:20 (UTC +04:00)
Bakı – APA. İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, sənədə prezidentlər Dmitri Medvedev və Serj Sakisyanın görüşündən sonra müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar.

Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Ən önəmli və Azərbaycanın milli təhlükəsizlik maraqlarına aidiyyəti olan məqam ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında gerçəkləşəcək.


Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR