Sergey Lavrov: “Protokol Rusiya hərbi bazasının Ermənistanda olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam”

Sergey Lavrov: “Protokol Rusiya hərbi bazasının Ermənistanda olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam”
# 27 avqust 2010 20:55 (UTC +04:00)
“Budəfəki səfərin əsas mövzusu dövlət sərhədi barədə müqavilənin və bu sənədlə bir paketdə olan Samur çayının su resurslarının rasional istifadəsi barədə sazişin imzalanması olacaq. Bu vacib sənədlər üzərində son bir neçə il ərzində iş aparılır”, - deyə nazir qeyd edib. O, həmçinin bildirib ki, Rusiya Azərbaycanı Cənubi Qafqazda və Xəzər dənizi bölgəsində vacib strateji tərəfdaş hesab edir və iki ölkə arasındakı münasibətlər yüksəlişdədir: “Münasibətlər hərtərəflidir, ona görə də ənənəvi olaraq iki rəhbərin görüşündə bu münasibətlərin bütün spektri müzakirə olunur. Əminəm ki, bu dəfə də elə olacaq”.

Nazirin sözlərinə görə, prezidentlər Dmitri Medvedev və İlham Əliyev arasında çox mehriban şəxsi münasibətlər bu tərəfdaşlığın inkişaf etdirilməsinin vacib amilidir. Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Lavrovun fikrincə, onlar tərəfdaşlığın özülünü təşkil edirlər və istənilən sammitdə, istənilən danışıqlarda çox vacib yer tuturlar. “Ümumdünya böhranına görə iki ölkə arasında azalmış ticarət dövriyyəsi yenidən artmağa başlayıb. Sənaye, nəqliyyat və bank sahələrində uğurla həyata keçirilən yaxşı sərmayə layihələri var. Prezidentlər bu sahələrdəki işlərin vəziyyətini prinsipial nəzərdən keçirəcəklər və lazım olduğu təqdirdə onlara siyasi təkan verəcəklər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Nazir, həmçinin xatırladıb ki, bu il humanitar sahədə çox böyük yeni layihənin icrasına başlanılıb: “Bakıda humanitar məsələlər üzrə forum keçirilib və forumun hər il iki ölkənin prezidentlərinin patronajı altında keçirilməsi qərara alınıb. Ötən ildən Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, Rusiya Elm və mədəniyyət mərkəzi, Rus kitab evi açılıb”.

“Qarşılıqlı əlaqələrdə Rusiyanın ayrı-ayrı bölgələri getdikcə daha çox iştirak etməyə başlayırlar. Bu hər iki ölkənin xalqlarının və Cənubi Qafqazda və Xəzər bölgəsində sabitliyin möhkəmləndirilməsi maraqlarına cavab verir”, - deyə nazir bildirib.

S. Lavrov Rusiya ilə Ermənistan arasında hərbi protokolun imzalanması məsələsinə də münasibət bildirib: “Bu protokol Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam. Bu protokol nə Rusiyanın Ermənistandakı hərbi bazasının funksiyalarını, nə həmin bazada xidmət keçən hərbi qulluqçuların say tərkibini, nə də bazadakı silahların miqdarını dəyişir. Buna görə də həmin protokolun regionda qüvvələr balansına hər hansı dəyişikliklər edə biləcəyindən, eləcə də Rusiyanın hərbi bazasının indiki funksiyalarının və parametrlərinin müddətinin uzadılması nəticəsində hər hansı razılaşmaların pozulmasından danışmağa dəyməz.
Rusiyanın hərbi bazasının başlıca məqsədi Rusiyanın mənafelərini təmin etməkdir. Şübhəsiz, bu mənafelər dairəsinə Cənubi Qafqazda, Xəzər regionunda sabitliyin dəstəklənməsi məsələləri də daxildir. Müvafiq müqavilə imzalanarkən Rusiya hərbi bazasının qarşısına əvvəlcədən bu məqsəd qoyulub. Həmin müqavilənin müddətinin növbəti 49 il üçün uzadılması ilə əlaqədar bu məqsəd əsla dəyişməyib”.

S. Lavrovun sözlərinə görə, ikitərəfli əlaqələrdən başqa, prezidentlər regional və beynəlxalq məsələləri, iki ölkənin həm Avropadakı, həm də dünyadakı beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığını nəzərdən keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR