Mançesterdə “Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyinin açarıdırmı?” mövzusunda debat təşkil edilib

Mançesterdə “Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyinin açarıdırmı?” mövzusunda debat təşkil edilib
# 01 oktyabr 2010 12:10 (UTC +04:00)
Debat “Progress” təşkilatı və Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunub. AAC-dən APA-ya verilən məlumata görə, tədbirdə Gürcüstanın, Türkiyənin və Çexiyanın Böyük Britaniyadakı səfirləri Georgi Badridze, Ünal Çeviköz və Mixail Zantovski də iştirak edib.

Debatda Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi məsələləri üzrə keçmiş dövlət naziri Lord Hant Qərbin enerji təhlükəsizliyinə nə dərəcədə həlledici məsələ kimi baxmalı olduğunu izah edib və deyib ki, hazırkı vəziyyətdən razı qalmaq üçün səbəb yoxdur. O, əsasən təbii qazın əhəmiyyətinə diqqəti yönəldib, əsas hissəsi Rusiyanın “Qazprom” şirkətindən asılı olan Şərqi Avropanın həssaslığından danışarkən Rusiya-Ukrayna mübahisəsini misal çəkib. Lord Hant “Cənub” dəhlizinin əhəmiyyətini qeyd edib və Avropanı bütün gücünü səfərbər edərək onun tikintisini dəstəkləməyə çağırıb.

Kral Beynəlxalq Məsələlər İnstitutunun Rusiya və Avrasiya proqramının rəhbəri və tədqiqatçısı Ceyms Niksey (James Nixey) bildirib ki, Cənubi Qafqaza vahid iqtisadi məkan kimi baxmaq düzgündür, amma üç dövlət və onların qonşuları arasında mövcud olan münaqişələr onlara sovet erasından sonrakı keçid dövrünü başa vurmağa imkan vermir. O, indiki və keşmiş administrasiya dövründə ABŞ xarici siyasətinin zəifliyini qeyd edərək Avropa Birliyinin bu boşluğu doldurmaq məcburiyyətində olduğunu vurğulayıb. C. Niksey Ermənistanın Dağlıq Qarabağda və yeddi ətraf rayonda davam edən işğalından, bu işğalın regional sabitlik üçün yaratdığl böyük təhlükədən ətraflı danışaraq Qərbin bu vəziyyətə laqeyd qaldığını bildirib. Bu fikir sonradan səfir Çeviköz tərəfindən təkrarlanıb. C. Nikseyin sözlərinə görə, Azərbaycan və Ermənistan təmas xəttinə hazırda 25 minə yaxın qoşun yerləşdirib. Onun fikrincə, ötən 16 il ərzində uğursuzcasına vasitəçilik etməyə çalışan Fransanı ATƏT-in Minsk Qrupunun həmsədrliyində başqa dövlət əvəz etməlidir.

“Platts”ın qlobal enerji təhlükəsizliyi üzrə analitiki Con Roberts (John Roberts) regionun gələcək enerji təhlükəsizliyində aparıcı rolundan danışıb. O, dünya enerji ehtiyatının 2,5 faizindən çoxunun Cənubi Qafqaz vasitəsilə ötürülə biləcəyini proqnozlaşdırıb. Roberts deyib ki, Rusiyanın enerji yataqlarının dörddə üçündən istifadə olunduğu və ehtiyatlarının tükəndiyi bir vaxtda Türkmənistanın əsas qaz ixracatçısına çevrilmək kimi nadir imkanı var.

Britaniya parlamentinin üzvü, “kölgə kabineti”ndə Avropa məsələləri üzrə nazir Kris Brayant (Chris Bryant) isə “Qazprom”un infrastrukturunun pisləşdiyini qeyd edərək bu vəziyyətin Cənubi Qafqazı enerji təhlükəsizliyi məsələsində önə çəkdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR