Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək

Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək
# 02 oktyabr 2010 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin (MM) nümayəndə heyəti oktyabrın 4-dən 8-dək Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Millət vəkili Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildir.

Sessiya dövründə AŞPA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olmuş uşaqlar və təsisatlarda uşaqlarla qəddar davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Səs və işıq ifratları” adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq. Azərbaycanlı deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR