Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək

Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək
# 15 oktyabr 2010 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 22-23-də Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək. APA-nın məlumatına görə, simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Londonun Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata, beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Simpoziumda 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək.

Qafqaz Universitetinin Beynəlxalq münasibətlər bölməsinin müdiri Rövşən İbrahimov bildirib ki, Bakıda beynəlxalq münasibətlər sahəsində ənənəvi simpoziumun keçirilməsi bir neçə aspektdən böyük əhəmiyyət daşıyır: “Birinci növbədə bu miqyasda tədbirin keçirilməsi və dünyada məşhur olan alimlərin Azərbaycanda gəlməsı ilə həm ölkədə beynəlxalq münasibətlərin yeni mərhələsi başlanacaq, həm də respublikada bu sahə üzrə mütəxəssislər və gənç tədqiqatçıların öz bilik və təcrübələrini inkişaf etdirməsinə imkan yaranacaq. Beynəlxalq münasibətlər sahəsi Azərbaycan üçün yenidir və müstəqillikdən sonra tədris olunmağa başlayıb”.

R. İbrahimov deyib ki, hazırda beynəlxalq münasibətlər elmi tədqiqat səviyyəsinə qədəm qoyur. Bu baxımdan simpoziumun ənənəvi şəkildə Bakıda keçirilməsi öz töhfəsini verə bilər: “Digər tərəfdən, Bakı Cənubi Qafqaz ilə əlaqəli ictimai-elmi tədqiqatların mərkəzinə çevrilmək arzusundadır. Bu isə sahə ilə əlaqədar dünyadakı intellektual potensialı Bakıda cəmləşdirmək deməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR