Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri: “Azərbaycan Böyük Britaniya üçün çox vacib tərəfdaşdır”

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri: “Azərbaycan Böyük Britaniya üçün çox vacib tərəfdaşdır”
# 20 oktyabr 2010 14:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Dillər Universitetindəki çıxışında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton deyib. “Azərbaycan və onun Avropada rolu” mövzusunda çıxış edən nazir bildirib ki, Britaniya hökumətinin mövqeyinə əsasən Avropa Birliyinə üzvlük və ya AB-yə inteqrasiya bunu arzulayan və müvafiq meyarlara uyğun gələn istənilən Avropa ölkəsi, o cümlədən Azərbaycan üçün mümkün olmalıdır. O, AB ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmasına dair danışıqları alqışlayıb: “Mən hesab edirəm ki, assosiasiya sazişinə dair danışıqların başa çatması və bundan sonrakı inteqrasiya Azərbaycan üçün xüsusən Avropa Birliyi bazarına çıxış baxımından çox önəmli olacaq”.

D. Lidinqton Azərbaycanda keçiriləcək parlament seçkilərinə toxunaraq bildirib ki, bu seçki gənc demokratiyanın bu cür sınaqlara hazır olduğunu nümayiş etdirmək üçün imkandır: “Ümid edirik ki, seçkilər beynəlxalq standartlara uyğun keçiriləcək və Azərbaycan ATƏT-in 2008-ci ildə xüsusən KİV azadlığı və sərbəst toplaşmaq azadlığı haqqında irəli sürdüyü tövsiyələri yerinə yetirəcək”.

Bölgədəki vəziyyətdən danışan qonaq İran məsələsinin üzərində dayanaraq deyib ki, Böyük Britaniya İranla konstruktiv münasibətlərdə maraqlıdır, lakin bu ölkə nüvə proqramını davam etdirərsə BMT, Avropa Birliyi və digər strukturların sanksiyaları da davam edəcək: “Bu təzyiq rejimi dəyişmək cəhdi və hərbi əməliyyatların başlanacağı mənasına gəlmir. Bu, İran liderlərinin seçim imkanı olduğunu göstərmək deməkdir. Onlar ya beynəlxalq ictimaiyyətlə danışıqlar masasına oturacaq, ya da təzyiqlərin davamı və beynəlxalq təcridlə üzləşəcəklər”.

D. Lidinqton tələbələrin suallarını da cavablandırıb. O, dekabrın 1-2-də ATƏT-in Astanada keçiriləcək sammitindən gözləntilərə dair suala belə cavab verib: “Görüşün məhsuldar keçəcəyini, bu çərçivədə həll olunmamış münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Dnestryanı münaqişələr mövzusuna da toxunulacağını gözləmək olar. Bu münaqişələrlə bağlı müəyyən irəliləyiş əldə edilməsi faydalı olardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR