İran səfiri: “Rəşid Əliyev sionistlərin təsirindən çıxmasa, biz Azərbaycan dövləti ilə birlikdə lazımı tədbirləri görəcəyik”

İran səfiri: “Rəşid Əliyev sionistlərin təsirindən çıxmasa, biz Azərbaycan dövləti ilə birlikdə lazımı tədbirləri görəcəyik”
# 25 oktyabr 2010 15:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Məhəmməd Bagır Bəhrami bir müddət əvvəl İranda həbsdən azad edilmiş Azərbaycan alimi Rəşid Əliyevin açıqlamalarına münasibət bildirərkən deyib.

Səfir hesab edir ki, R. Əliyev həqiqətləri təhrif edərək danışır: “Bu şəxs bir özəl şirkət üçün İranın bir vilayətində çalışırmış. Əgər hüquqi və maliyyə cəhətdən bir tələbi varsa, bu, onun şəxsi işidir. Bu şəxs İran qanunlarına uyğun olaraq casusluqda ittiham edilib və məhkum olunub. Mənim həm Azərbaycan, həm də İran rəsmiləri ilə apardığım müzakirələr nəticəsində təklif olundu ki, bu adam amnistiyaya düşsün və qalan həbs müddəti İran tərəfindən bağışlansın. Bu təklif qanuni prosedurdan keçdi və İran ədliyyə sistemi tərəfindən qəbul olundu. Azərbaycanın İrandakı səfiri və konsulu, İranın müvafiq orqanları ilə əlaqəli iş apararaq mən bu şəxsi Tehran hava limanında təhvil aldım. Nəzərə alınmışdı ki, o, universitet müəllimidir, həmçinin onun ailə üzvləri və bəzi rəsmi orqanlar da bizə müraciət etmişdi. Mən təyyarədə onu öz yanımda oturtdum və Bakıya gətirib Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələrinə təhvil verdim. Onlar bu işə görə bizə təşəkkürlərini bildirdilər. Hətta o özü təyyarədə mənə təşəkkür etdi, İranda qaldığı zindanındakı vəziyyətindən məmnun olduğunu dedi. İranın zindanları bir tərbiyə mərkəzi kimi fəaliyyət göstərir. Yaşayış üçün bütün imkanlar var, hətta internetdən istifadə etmək olur”.

Diplomatın fikrincə, Rəşid Əliyev İran və Azərbaycanın düşmənlərinin təsiri altında qalıb: “Azərbaycanın Ədliyyə Nazirliyi onun dediklərini tamamilə təkzib və rədd edir. Mən fikirləşirəm ki, o, sionistlərin və İsrail işğalçı rejiminin təsiri altına düşüb. Bizdə lazımi sənədlər var. Ona aid olan məhkəmələrdə bunları təqdim edəcəyik. Ona görə ki, bu şəxsin işi bizim məhkəmədə hələ bitməyib, xoş niyyət göstərmək üçün İran tərəfi onu azad edib. O, zəng edib pasportunu istəyəndə mən gileyləndim ki, siz niyə belə sözlər söyləyirsiniz, niyə mənim yanımda və ədliyyə əməkdaşlarının yanında bir söz, mətbuata isə başqa söz deyirsiniz? O bildirdi ki, jurnalistlər sözlərini təhrif edib. Mən də cavab verdim ki, əgər belədirsə, siz də təkzib edin. Hər halda mən ümid edirəm ki, tezliklə bu şəxs hər iki ölkənin düşmənlərinin təsiri altından çıxacaq. Əks halda biz Azərbaycanın aidiyyəti orqanları ilə birlikdə lazımı tədbirləri görəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR