Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
# 05 yanvar 2011 01:11 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni ilin ilk 3 ayı ərzində Bakıya səfəri planlaşdırılır.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Bakıdakı danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində ötən il Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanan sazişlə yaradılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi planlaşdırılır.

Şuranın prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək ilk iclasının gündəliyi hələ tam müəyyənləşməyib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu məqsədlə yaxın vaxtlarda Ankarada ikitərəfli işçi qrupun iclasının keçirilməsi planlaşdırılır.

Müşahidəçilər qeyd edirlər ki, 2010-cu il Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr üçün iki ölkənin liderləri arasında keçirilən görüşlərin intensivliyi baxımından yaddaqalan olub.

Türkiyənin prezidenti Abdulla Gül və Baş nazir Ərdoğan Bakıda, Azərbaycan prezidenti İlham Əliyev isə beynəlxalq qurumların zirvə toplantılarında iştirak etmək üçün 3 dəfə İstanbulda səfərdə olub.

Azərbaycan və Türkiyənin liderləri üçüncü ölkələrdə keçirilən toplantılarda da bir araya gəliblər.

Diplomatik mənbələr isə bildirirlər ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması qarşıdakı dövrdə iki ölkə arasındakı əlaqələrin inkişafına yeni stimul verə bilər.

Buna əsas kimi Türkiyənin başqa ölkələrlə bu formatda qurduğu əlaqələrin nəticələri və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşıması göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR