Litva səfiri Kyastutis Kudzmanas: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu məsələ heç bir halda şübhə altına alına bilməz” - FOTOSESSİYA

Litva səfiri Kyastutis Kudzmanas: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu məsələ heç bir halda şübhə altına alına bilməz” - <font color=red>FOTOSESSİYA</font>
# 13 yanvar 2011 09:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanasın APA-nın müsahibəsi

- Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?
- Bizim səfirliyimiz 2007-ci ilin yazında açılıb. Həmin il Azərbaycanın da Litvada səfirliyi fəaliyyətə başlayıb. Bu, münasibətlərimizin inkişafına əlavə təkan verib. Bu illər ərzində ölkələrin birinci şəxslərinin bir sıra səfərləri gerçəkləşdirilib. Səfirliyin açılması iki ölkənin iş adamları arasında əməkdaşlığın əsasının qoyulmasına, turizmin inkişafına güclü təkan verib. Münasibətlərimizi çoxtərəfli xarakterizə etmək olar, əməkdaşlıq sferaları çox sürətlə genişlənir. Ölkələrimiz arasında siyasi, mədəni, iqtisadi əməkdaşlığın əsası qoyulub. Son illər azərbaycanlılar Litvanı, litvalılar isə Azərbaycanı özləri üçün yenidən açıblar. Elə bir dövr vardı ki, tərəflər yalnız öz problemləri ilə məşğul idilər. Biz Avropa İttifaqına, Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesi keçirdik. İqtisadiyyatı son dərəcə sürətlə yeni standartlar üzrə qurmaq lazım idi, yeni hüquqi normalar tətbiq olunurdu. İnteqrasiya prosesi zaman aldı. Demək istəmirəm ki, əlaqələrimiz kəsilmişdi, lakin Avropa İttifaqına daxil olduqdan sonra daha böyük imkanlarımız yarandı və biz bir zamanlar eyni məkanı bölüşdüyümüz qonşularımızla daha aktiv şəkildə əvvəlki əlaqələrimi bərpa etməyə başladıq. Bizim xalqlarımız bir-birini tanıyırlar. Artıq qeyd etdiyimi kimi son illər biznes qurumları, iş adamları arasında əlaqələr möhkəmlənib. Bu təkcə idxal-ixrac əməliyyatları ilə bağlı deyil, çoxlu sayda azərbaycanlı yenidən Litva sanatoriyalarına üz tutmağa başlayıblar. Litva turizmi azərbaycanlılar üçün cəlbedici olub. Bizdə baxılası çox şey var – Litva da Azərbaycan kimi dərin və qədim mədəniyyətə malikdir. Ölkəmizdə sağlamlaşdırıcı turizm də geniş yayılıb.

Son illər siyasi səviyyədə nümayəndə heyətlərinin intensiv mübadiləsi olub, hökumətlərarası komissiya yaradılıb və bu, ikitərəfli münasibətlərin inkişafına çox güclü təsir göstərib. Komissiya çərçivəsində müxtəlif nazirliklər və qurumlar qarşısında konkret vəzifələr qoyulub, birgə müqavilələr imzalanıb, təcrübə mübadiləsi aparılır, demək olar ki, bütün nazirliklərin öz tərəfdaşları var. Hətta Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” siyasətinin tvinniq proqramlarında Azərbaycan tərəfdaş olaraq Litvanı seçib. İlk proqramda Milli Məclis təcrübə mübadiləsi üçün Litva parlamentini seçib, ikinci layihə çərçivəsində bizim Xüsusi Təhqiqatlar Xidməti Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır. Bu, iki illik layihədir, artıq bir il keçib və gələn il bu layihələr başa çatacaq.

Bu kimi iri layihələrlə yanaşı əməkdaşlıq sahələri arasında Azərbaycan diplomatları ilə ÜTT ilə, bütün hüquqi aktların Avropa İttifaqının tələblərinə inteqrasiyası ilə bağlı təcrübə mübadiləsi aparırıq. Bu təcrübə sizin üçün çox maraqlı ola bilər.

Həmçinin şadam ki, ölkələrimizin rəhbərləri arasında siyasi yaxınlaşma əməkdaşlığımızın digər sahələrinə də müsbət təsir göstərir. Azərbaycan Litva bazarına, xüsusilə xidmət və turizm sahəsinə maraq göstərir. Litva həmçinin Azərbaycanda proqram təminatı, ərzaq məhsullarını emalı, kənd təsərrüfatı və ağac emalı sənayesi sektorunda əməkdaşlıq etməkdə daha maraqlıdır.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi çox deyil, amma hər il 30-40 faiz artır. Buna görə də dövriyyənin genişlənmə tempi çox yüksəkdir.

- Ümumdünya maliyyə böhranı ticarət dövriyyəsinin həcminə təsir göstərib?
- Böhran Litva iqtisadiyyatı təsirsiz ötüşməyib. 2008-2009-cu illərdə iqtisadiyyatın inkişafında azalma tendensiyası müşahidə olunmaqdadır. Lakin bu il iqtisadiyyat sürətlə bərpa olunmağa başladı. Litva yüksək texnologiya məhsulları, dərman preparatları, proqram təminatları, kimya sənayesi, biokimya, lazer məhsulları ilə şöhrət tapıb. İxracatçı ölkə kimi biz qonşu bazarlardan çox asılıyıq, lakin indi sürətli bərpa prosesi gedir.

- Siz Azərbaycan-Litva hökumətlərarası komissiyasını xatırlatdınız, komissiyanın növbəti iclası nə vaxt keçiriləcək? İclasda hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?
- Ötən il komissiyanın iclasını Vilnüsdə keçirdik. Bu il növbəti iclası çox güman ki, mayda Bakıda keçirəcəyik. İclasda müxtəlif məsələlər, məsələn ətraf mühit məsələləri müzakirə olunacaq. Qeyd edim ki, Litvanın suların təmizlənməsi, tullantıların utilizasiyası sahəsində böyük təcrübəsi var, ölkədə tullantıların sortlaşdırılması və utilizasiyası ilə bağlı xüsusi normativlər tətbiq olunur. Bilirəm ki, bizim təcrübəmiz Azərbaycan üçün maraqlıdır. Bundan başqa iqtisadi əməkdaşlıq, bank sektorunda, təhsil, maarif, səhiyyə sahəsində əməkdaşlıq, ticarətin inkişafı məsələlərini müzakirə etmək planlaşdırılır. İclasda toxunulan məsələlər bəzən bir il ərzində belə həllini tapmır. Lakin hökumətlərarası komissiya yaradıldıqdan sonra bütün sahələrdə inkişaf nəzərə çarpdığı şəksizdir. Hər iki ölkəyə ixrac olunan malların spektri genişlənib, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq gücləndirilib.

Bizim üçün Azərbaycanın təcrübəsi də çox maraqlıdır, çünki ölkəniz regionda bir çox spektrlər üzrə liderdir. Azərbaycanın regionda yürütdüyü stabil xarici siyasət kursu bu cür qeyri-stabil regionda belə inkişafa nail olmağa dair çox gözəl nümunədir. Azərbaycana gələn litvalılar ölkənin necə sürətlə inkişaf etdiyindən böyük şövqlə danışırlar. Bakıda möhtəşəm infrastruktur layihələri həyata keçirilir, yeni körpülər, evlər tikilir və bu temp böyük təəssürat doğurur. Həm də təkcə Bakıda deyil, regionlarda da bu inkişaf nəzərə çarpır. Mənim sentyabrın əvvəllərində maraqlı velosiped yürüşündə iştirak etmək fürsətim oldu, biz xarici işlər nazirinin müavini Araz Əzimovla velosipeddə 400 kilometr məsafə qət etdik. Və mən bütün Azərbaycanda yeni yollar, yeni uşaq bağçaları, yeni idman kompleksləri, yeni zavodlar gördüm. Təkcə paytaxtın inkişafına deyil, bütün regionlara da böyük diqqət ayrılması çox vacibdir. Bu, çox böyük təəssürat doğurur, heç də hər ölkə bununla öyünə bilməz.

- Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?
- Azərbaycanla Litva arasında səhiyyə, tikinti, arxitektura, təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələri var. Energetika sahəsində əməkdaşlıq isə o qədər də güclü inkişaf etməyib. Litva da neft ölkəsidir, bizdə böyük neft emalı zavodu var. Litva ildə 12 milyon ton neft emal edir. Bizim terminallarla ildə 15-20 milyon ton neft və neft məhsulları daşınır. Artıq sıxılmış mavi yanacağın toplandığı LNG terminalının tikintisinə başlamışıq. Neft hasilatının həcmi o qədər də böyük deyil, hasilat yalnız quruda həyata keçirilir. Lakin müəyyən əməkdaşlıq var – Litva Azərbaycanla birlikdə “Sarmatiya” layihəsində iştirak edir. Litva Krakov, Vilnüs, Bakı və Kiyevdə keçirilən enerji forumlarının təşəbbüskarlarından biridir. Avropaya enerji daşıyıcılarının nəqlinin diversifikasiyası və Avropa İttifaqının vahid enerji siyasəti məsələləri Litvanın xarici siyasətinin əsas prioritetlərindən birinin təşkil edir. Avropaya nəql olunan alternativ resurslar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Buna görə də energetika sahəsində istənilən alternativ mənbəni pozitiv qiymətləndiririk və Azərbaycanın müxtəlif layihələr çərçivəsində Avropaya enerjidaşıyıcıları nəql etməsini alqışlayırıq.

- Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq hansı səviyyədədir?
- Azərbaycanla Litva arasında mədəniyyət sahəsində intensiv mübadilə aparılır. Sizin muğam və caz ifaçıları bizim festivallarda iştirak edirlər, litvalı sənətçilər Azərbaycana gəlirlər. Fevralda Litvanın müstəqillik günü münasibətilə dünyaca məşhur litvalı pianoçu Muza Rubattsikenin Bakıda konsertini hazırlayırıq. Bu mədəni mübadilə münabətlərimiz üçün yaxşı fon yaradır.

Mən təhsil sahəsində əməkdaşlıq üçün çox böyük perspektiv görürəm. Litvada çox güclü universitetlər var, məsələn Vilnüs Universitetinin 500 ildən çox yaşı var. Bizim səfirliyimiz Heydər Əliyev Fondu ilə əməkdaşlıq memorandumu imzalayıb və bu memorandumun müddəalarından biri təhsil sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində biz ötən il onlarla tələbəni Litvaya pulsuz təhsil almağa göndərmişik. Bu il yenə də Litvaya azərbaycanlı tələbələri göndərməyə hazırlaşırıq. Ölkəmizdə ən populyar ixtisaslar arasında – təhsil, arxitektura, tikinti, radioelektronika, İT sektorunu qeyd edə bilərəm. Təhsil – gələcəyə qoyulan investisiyadır və ölkələrimizi qarşılıqlı birləşdirən əlavə həlqədir. Təhsil sahəsində bu cür mübadilənin genişləndirilməsi ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə təsir göstərəcək.

- Bu il Litva ATƏT-ə sədrlik edəcək...
- Bəli, biz əməkdaşlığımızı həmçinin ATƏT-ə sədrliyimiz müstəvisində də davam etdirəcəyik. Bu il ATƏT çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana, Cənubi Qafqaza daha çox diqqət ayrılacaq. Bütün münaqişələr ATƏT-də gedən proseslərin tərkib hissəsidir və Litva bu təşkilata sədrliyi dövründə həlli uzadılmış münaqişələrin nizamlanmasını əsas prioritetlərdən biri elan edib. Artıq prezidentimiz Daliya Qribauskayte ölkənizlə daha yaxından tanış olmaq, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində irəliləyişi sürətləndirmək yollarını axtarmaq üçün Azərbaycana səfərini öz iş təqviminə əlavə edib. Bu səfər mayda gerçəkləşəcək. Bundan əvvəl isə martın ilk həftəsində ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Andryonus Ajubalis Azərbaycana səfər edəcək. Bu regiona – Azərbaycan, Gürcüstan və Ermənistana səfər olacaq. Fevralın 22-24-də isə ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Qedryus Çyakuolis Azərbaycana gələcək. Biz bu münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq üçün yollar axtaracağıq.

- Litvanın ATƏT-ə sədrlik dövründə prioritetləri arasında həlli uzadılmış münaqişələrlə bağlı müddəa da var. Cənab Çyakuolisin sözlərinə görə, Litvanın quruma sədrliyi dövründə çətin ki, bu sahədə inqilaba ümid bağlamaq olar, lakin sədr ölkə bu münaqişənin nizamlanması üçün cəhdlər edəcək. Sizin proqnozlarınız necədir?
- Bu barədə proqnoz vermək çətindir, çünki ATƏT bir təşkilatdır Sədr ölkə hansısa məsələlərə daha çox diqqət ayıra bilər. Litva – neytral ölkədir. Yəni istənilən problemi heç bir kompleksə qapılmadan qaldıra bilər, çünki tərəflərdən heç birinə meyl etmir. Litva daha obyektiv ola bilər, bizim gücümüz də bundadır. Biz görürük və anlayırıq ki, təkcə münaqişə tərəfləri deyil, qonşu ölkələrdə stabilliyin bərqərar olmasında maraqlıdır. Və belə alınır ki, bu münaqişə təkcə iki tərəfin məsələsi olmaqdan çıxır. Biz bu münaqişənin həllində maraqlıyıq. ATƏT tərəqqiyə kiçik addımlarla nail olur. Diplomatların bir sözü var – hər şeyi razılaşdırmamışıqsa, deməli heç nə razılaşdırılmayıq. Lakin bizim məqsədimiz irəliləyişə nail olmaq, prosesi ölü nöqtədən tərpətməkdir. Bu prosesdə daha çox şəffaflığa və obyektivliyə nail olmağa çalışırıq. Bu gün həllini gözləyən məsələlərin həllini sabaha saxlamaq olmaz.

- Litvanın Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyi necədir?
- Litva dəfələrlə müxtəlif səviyyələrdə öz mövqeyini bəyan edib və bizim mövqeyimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunan mövqedən fərqlənmir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu məsələ heç bir halda şübhə altına alına bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR