Jose Manuel Barrozu: “Avropa İttifaqı prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir”

Jose Manuel Barrozu: “Avropa İttifaqı prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir”
# 14 yanvar 2011 01:07 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jose Manuel Barrozu Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi briqə mətbuat konfransı zamanı çıxışında deyib.

“Bildiyiniz kimi, bu məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram. Mən sabah da buradayam və hesab edirəm ki, çıxışlarım olacaqdır. Mən Bakı Dövlət Universitetində çıxış edəcəyəm və bilirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk olaraq bir çox mütərəqqi işlər görmüşdür. Çox sağ olun, mənə belə bir fürsət yaratmısınız ki, səfərimi belə başlayım və eyni zamanda, sabah həmin ali təhsil ocağında çıxış edim”, - Barrozu bildirib.

O qeyd edib ki, Avropa İttifaqı prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. “Bu gün prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır”.

İkitərəfli tərəfdaşlığa gəldikdə, Avropa Komissiyasının sədri yeni Assosiasiya Sazişinin mövcud olduğunu, bununla bağlı artıq danışıqlara başlandığını diqqətə çatdırıb: “Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaq. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun”.

Onun sözlərinə görə, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. “Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir.
Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir”, - Avropa Komissiyasının sədri qeyd edib.

Barrozu vurğulayıb ki təhlükəsizlik və enerji təchizatının şaxələndirilməsi məsələləri olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır: “Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, “Şahdəniz” qaz yatağı da yaxın vaxtlarda işlənilsin. Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaq”.

Barrozu qeyd edib ki, prezident İlham Əliyevlə bir çox məsələləri də müzakirə ediblər, regional vəziyyəti nəzərdən keçiriblər. O xüsusi olaraq Azərbaycanın Əfqanıstanda sülhün təmin edilməsində, İraq və Kosovoda oynadığı rolu yüksək dəyərləndiyini bildirib ki, bunu Avropa İttifaqı da çox yüksək dəyərləndirir.

Qonaq Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı narahatlığını da ifadə edib: “Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, prezident Əliyevə və sizə demək istəyirəm: həmin münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcək. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik”.

Barrozu vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında faydalı əməkdaşlıq artıq göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzalanan sənədlər Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcək. İndi isə daha əlavə addımlar atılmalıdır. “Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni birlikdə irəliyə doğru aparmalıyıq. Biz qarşısına qoyduğu məqsədlərə nail olmaqda cənab prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə gözləyirik.
Mənə deyirdilər ki, qışın bu vaxtında bəlkə Bakıya səfər etməyim. Amma dedim ki, buna inanmıram, çünki Bakıda hava şəraiti tamamilə fərqlidir və buradakı insanlar da çox gözəl və cazibədardır. Yəni belə bir tərəfdaş ölkəni belə bir şəraitdə görəndə, həqiqətən, insanın ürəyi açılır. Eyni zamanda, mən görürəm, burada nəinki gözəl şərait yaradılıb, həm də ətrafda çox gözəl inkişaf da var”, - Barrozu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR