Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İtaliyada səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İtaliyada səfərdə olub
# 14 yanvar 2011 14:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov yanvarın 12-13-də İtaliyaya işgüzar səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü A.Əzimov Romada yerləşən NATO Müdafiə Kollecində 117-ci Ali Kurs iştirakçıları qarşısında "Avroatlantik kontekstdə Cənubi Qafqaz regionunda təhlükəsizlik" mövzusunda mühazirə ilə çıxış edib və kurs iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Bundan əlavə, Kollec komandanı general-leytenant Volf-Diter Löser ilə görüş keçirilib və bu mötəbər tədris müəssisəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində nazir müavini A.Əzimov İtaliya prezidentinin xarici əlaqələr üzrə müşaviri səfir Stefano Stefanini, İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika, İtaliya Senatının Avropa siyasəti üzrə daimi komissiyasının sədri, eyni zamanda Senatın İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Rossana Boldi və qrupun digər üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan ilə İtaliya arasında münasibətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir müavini A.Əzimov İtaliyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Beynəlxalq Münasibətlər İnstitutunda İtaliyanın müxtəlif dövlət və özəl qurumların və diplomatik korpusun nümayəndələri və tədqiqatçılar qarşısında "Geniş Avropa təhlükəsizlik mühitində Cənubi Qafqaz təhlükəsizliyi" mövzusunda mühazirə ilə çıxış edib və sualları cavablandırıb.
Səfərin sonunda nazir müavini A.Əzimov İtaliyanın aparıcı KİV nümayəndələri ilə görüşüb və jurnalistlərin ölkəmiz, Cənubi Qafqazda təhlükəsizlik, regiondakı münaqişələr, enerji layihələri və digər mövzulardakı suallarını cavablandırıb.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR