Arif Məmmədov: “Avropa Şurasında on illik fəaliyyətimiz gərgin və uğurlu olub” – MÜSAHİBƏ

Arif Məmmədov: “Avropa Şurasında on illik fəaliyyətimiz gərgin və uğurlu olub” – <font color=red>MÜSAHİBƏ   </font>
# 17 yanvar 2011 08:05 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədovun APA-ya müsahibəsi

- Azərbaycanın Avropa Şurasına üzv olmasından 10 il ötür. Üzvlüyə gedən yol necə olub?

- Təbii ki, bu yol asan olmayıb. Bu yolda çətin mərhələlərdən keçmişik. Azərbaycan Avropa Şurasına qəbul ediləndə onun qarşısında bir sıra problemlər var idi. Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasına Ermənistanla eyni vaxtda qəbul olunmuşdu və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi əsas şərt kimi qoyulmuşdu. Bundan başqa, Azərbaycan təşkilata üzv qəbul edilərkən ölkədə siyasi məhbus, KİV azadlığı, qanunların AŞ standartlarına uyğunlaşdırılması və digər məsələlər də qaldırılmışdı. Bu gün Azərbaycan təşkilata üzvlüyünün on illiyini bu məsələlərdən azad bir şəkildə qeyd edir. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi hələ gündəmdə qalır və bu, əsas məsələdir. Ötən dövr ərzində bu məsələ ilə bağlı fəaliyyətimiz gərgin və uğurlu olub. Təkcə AŞ Parlament Assambleyasının qəbul etdiyi 1416 saylı qətnamə və 1690 saylı tövsiyəni göstərmək kifayət edir. Müxtəlif forumlarda və qurumlarda münaqişənin müzakirəsi zamanı bu sənədlərə geniş istinad edilir.

Eyni zamanda, biz bu on ilə nəzər yetirsək, digər müxtəlif sahələrdə də uğurlarımızı qeyd edə bilərik. Məsələn, Azərbaycanın təşkilatla mədəniyyətlərarası və dinlərarası dialoq, idman sahələrindəki fəaliyyəti çox uğurlu olub. Mən özüm səfir kimi AŞ Nazirlər Komitəsinin Mədəniyyət, təhsil, elm, gənclər və idman məsələləri üzrə məruzəçi qrupuna rəhbərlik edirəm. Bu qrupun sədrliyinin Azərbaycana həvalə edilməsi bizim bu sahədəki uğurlarımızı, aparıcı rolumuzu göstərir. Məsələn, bu ilin aprel ayının 7-9-da AŞ-nın dəstəyi ilə Bakıda mədəniyyətlərarası dialoqa həsr edilmiş böyük bir tədbir – Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu forumda yalnız AŞ ölkələri deyil, digər ölkə və UNESCO, İSESCO kimi digər beynəlxalq təşkilatlar da təmsil olunacaqlar.

- Avropa Şurasına üzvlük Azərbaycana nə verib?

- Bizi Avropa Şurasına sanki kredit kimi qəbul etmişdilər. Yəni biz təşkilata müəyyən şərtlər əsasında qəbul olunmuşduq. On il əvvəl Azərbaycan bu quruma qəbul olunanda ölkədə vəziyyət indikindən tam fərqli idi. Dağlıq Qarabağ münaqişəsinin həlli indikindən fərqli idi, iqtisadi baxımdan indiki kimi güclü deyildik, demokratik təsisatlar hələ möhkəmlənməmişdi və bu sahədə yeni-yeni addımlar atırdıq. O vaxtlar bizi təşkilata, dediyim kimi, müəyyən şərtlər altında qəbul etmişdilər və biz bu etimad kreditini qaytarmalıydıq. Bu gün isə biz artıq təşkilatda özünə konkret yer tutmuş, mövqe qazanmış bir ölkəyə çevrilmişik. Müəyyən sahələrdə Azərbaycan hətta aparıcı rol oynayır. Məsələn, əvvəl qeyd etdiyim mədəniyyətlər və dinlərarası mövzularda lazımi töhfələr verə bilmişik. Bu sahədə AŞ üzv ölkələrinin nazirlər səviyyəsində Bakıda keçirdiyi beynəlxalq konfrans AŞ-nin tarixində bu mövzuda ilk belə konfrans idi və çox yüksək qiymətləndirilmişdi. Bundan başqa, biz artıq AŞ-nın 55 konvensiyasına və 8 hissəvi sazişinə qoşulmuşuq. Bu konvensiyalara qoşulmağımız Azərbaycanda müxtəlif sahələrdə inkişafa, irəliləyişlərə imkan yaradır. Mən də bilirəm ki, bizim cəmiyyətimizdə bəzi insanlar Avropa Şurasına üzvlüyümüzü tam dərk etmir və tez-tez belə suallar ortaya çıxır ki, Avropa Şurasına üzvlük bizə nə verir? Biz bu təşkilata üzv olmasaydıq bir sıra sahələrdə inkişafa nail ola bilməzdik. Məsələn, mədəniyyət üzrə Konvensiyaya qoşulmasaydıq, indiki bizim təhsil sistemimiz Bolonya prosesinin tərkib hissəsi ola bilməzdi. Müqayisə üçün deyim ki, bu gün Qazaxıstan AŞ-nın konvensiyalarına qoşulmaq istəyir, amma AŞ üzvü olmadığı üçün çətinliklə üzləşir. Qazaxıstanda böyük iqtisadi inkişaf olsa da, AŞ üzvü olmadığı üçün Avropa dəyərlərini, standartlarını öz sisteminə gətirmək istiqamətində çətinlik çəkir. Düzdür, Azərbaycanı həm Qərb, həm də Şərq ölkəsi hesab etmək olar. Amma biz istərdik ki, Avropa dəyərlərindən daha çox bəhrələnək. Avropalılar bunun üçün yüz illərlə yol keçib, müharibələr ediblər və nəhayət, bu dəyərlər sisteminə malik olublar. Biz bu dəyərləri könüllü qəbul etdiyimiz üçün onlar da bizi Avropanın bir hissəsi kimi qəbul edirlər. Bu gün biz görürük ki, bu dəyərləri nə qədər qəbul ediriksə, bir o qədər də cəmiyyətimizdə bu sahələrdə inkişaf olur. Kiçik bir misal göstərim. Məhz AŞ-nin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda İnsan hüquqları müvəkkili (Ombudsman) təsisatı və İctimai Televiziya yaradılıb. Bunlar cəmiyyətdə insan hüquqlarının müdafiəsi, eləcə də plüralizmin təmin edilməsində müsbət rol oynayır. Biz bunu istəsək də, istəməsək də, Avropada bu gün qurulmuş dəyərlər sistemi bir model kimi qəbul olunub. Biz AŞ üzvü olmasaydıq müxtəlif forumlarda Avropa qitəsinin təmsilçisi kimi təqdim edilməyimiz çətin olardı. Biz Avropa Şurasına üzv olduğumuz üçün üzv olmayan ölkələr artıq bizdən xahiş edirlər ki, onları bu və ya digər məsələlərdə dəstəkləyək. Bizim Avropanın bir hissəsi olduğumuzu iki təşkilatda üzvlüyümüz təsdiqləyir: ATƏT və AŞ. Biz bu iki təşkilatın tamhüquqlu üzvüyqk. Amma fikrimcə, ATƏT daha çox transatlantik təşkilatdır, burada ABŞ kimi qeyri-Avropa ölkəsi də var. AŞ isə sırf Avropa təşkilatıdır və bizim bu quruma üzv olmağımız sırf Avropa dəyərləri və standartları ilə əhatə olunmağımız deməkdir. Bu, müsəlman ölkəsi olaraq bizə həmçinin imkan yaradır ki, islamın həqiqi dəyərlərini avropalılara yaxınlaşdıraq. Bildiyiniz kimi, Qərb ölkələri ilə islam ölkələri arasındakı münasibətlər indi o qədər də isti deyil və sivilizasiyaların toqquşması kimi nəzəriyyələr də tez-tez gündəmə gəlir. Hətta bəzi avropalı siyasətçilər də bunu gizlətmirlər və açıq bildirirlər. Məsələn, Almaniyada ən yüksək səviyyədə islam dünyası ilə mədəniyyətlərarası inteqrasiyanın işləmədiyi bildirilmişdi. Amma indi Azərbaycan bu sahədə tamam başqa mövqe ortaya qoya bilib və biz dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayırıq. Biz hər dəfə Bakıda AŞ-nin dəstəyi ilə keçirdiyimiz beynəlxalq konfranslarda bu kimi məsələlərdə böyük problemlərlə üzləşirik. Üzv ölkələr arasında elələri var ki, mədəniyyətlərarası dialoqdan danışmaq istəmirlər. Bu dialoqun vacib olduğunu bildirsələr də, bunu daha çox Avropanın daxili işi kimi göstərir və kənar aləmlə bunun mümkün olmadığını söyləyirlər. Məhz buna görədir ki, Azərbaycan bu sahədə körpü rolunu oynamağa çalışır. Bu gün bir çox üzv ölkələr də bunu qəbul edirlər. Bakıda keçirilmiş konfransda “Bakı prosesi”nin əsası qoyulub ki, bu da Qərb ölkələri ilə qeyri-Avropa ölkələrinin arasındakı dialoqu nəzərdə tutur.

Bundan başqa, bizim Avropa Şurasına üzv olmağımız Avropa İttifaqı ilə də əməkdaşlığımıza yardımçı oldu. Bilirsiniz ki, Sovet İttifaqı dağılanda və Avropa Şurasına yeni üzvlərin qəbuluna başlananda, bir çoxları bu təşkilatı “waiting room” (gözləmə otağı) adlandırırdılar. Aİ-na qəbul olunmamışdan qabaq gərək ölkə AŞ-nin dəyərlərinə uyğun olsun. Düzdür, bu gün AŞ-nin rəhbərliyi bu ifadəni qəbul etmir və belə paralellərin aparılmasını xoşlamır, amma doğrudan da Avropa İttifaqına üzv olmaq istəyirsənsə, gərək Avropa Şurasının dəyərlərini qəbul edəsən. Aİ deyir ki, bu, yalnız iqtisadi birlik deyil, ilk növbədə dəyərlər birliyidir. Yəni sən bu dəyərlərə yaxınsansa, mənim dünyagörüşümü paylaşırsansa, biz səninlə dostluq edə bilərik. Məsələn, insanlar arasında da münasibətlər və dostluq belə olur. Kimsə kiminləsə onun varlı, zəngin olduğuna görə dostluq edə bilər, amma onların dünyagörüşləri uyğun deyilsə, baxışları fərqlidirsə, bu dostluq mənasız, süni bir dostluq olur. Avropa İttifaqına da üzv olmaq üçün gərək onların dəyərlərini bölüşəsən və bu da bu qurumlarla münasibətləri inkişaf etdirməyə daha çox imkan verir. Bu gün Azərbaycanda da bir çoxları deyir ki, bu bizə lazım deyil, bizim öz yolumuz var, amma mən hesab edirəm ki, bu Avropa dəyərləri dediyimiz dəyərlər artıq universaldır və universal dəyərlər varsa, əlbəttə sən də buna yaxınlaşmalısan, bunu qəbul etməlisən. Digər tərəfdən, fərqlilikləri də qəbul etməliyik və bizim özümüzün də fərqli cəhətlərimiz var. Elə Qərbi Avropanın özündə də, Danimarka ilə İtaliya kimi ölkələrin arasında da böyük fərqlər var, amma bütün bunlar ümumi dəyərlərimizi bölüşməyə mane olmamalıdır. Ümumi dəyərlər də deyəndə ilk olaraq AŞ-nin da əsas üç sütunu olan insan hüquqları, demokratiya və qanunu aliliyi prinsipləridir. İlk növbədə biz hamımız bu dəyərləri qəbul etməliyik və daha sonra iqtisadi məsələlərdən danışa bilərik. Yəni bu üç pillə olmayanda digər pillələrin heç bir əhəmiyyəti yoxdur.

- Azərbaycan qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti necədir? Bu müddət ərzində Azərbaycanın qoşulduğu hansı mühüm konvensiyaları qeyd edə bilərsiniz?

- Biz bu gün təşkilat qarşısında götürdüyümüz bütün öhdəliklərimizi yerinə yetirmişik. Yəni AŞ ilə hansısa açıq qalan, problemli məsələ yoxdur. Yeganə məsələ var, bu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi öhdəliyidir. Bu gün biz buna da sadiq qalırıq və AŞ-nin da bu məsələdə mövqeyi çox prinsipialdır. Qurumun indiyə kimi qəbul etdiyi bütün sənədlərdə, bəyanatlarda bu, aydın şəkildə özünü göstərir. Bundan başqa, biz ötən on il ərzində Venesiya Komissiyası, GREKO (Korrupsiya ilə mübarizə), MONEYVAL (Terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı qrup) kimi AŞ-nin bir çox təsisatları ilə də sıx əməkdaşlıq etmişik. Misal üçün MONEYVAL ilə ilk vaxtlarda çətinliklərimiz olsa da, biz qısa müddət ərzində Azərbaycanda bu sahədə problemlərin olmadığını sübut edə bildik və indi Azərbaycan faktiki olaraq bütün monitorinqlərdən çıxıb. Biz faktiki olaraq bu qurumla əməkdaşlıqda ən çətin səviyyədən, tamamilə bütün suallara cavab verərək bu sahədə böyük bir irəliləyişə nail olduq. Bundan başqa, AŞ-nin İrqçiliyə qarşı, İşgəncələrə qarşı komitələri ilə də uğurlu əməkdaşlığımızı qeyd edə bilərəm. Bizdə bəziləri ölkəmizdə demokratiyanın zəif olduğunu, insan hüquqlarının təmin edilmədiyini sübut etməyə çalışırlar, amma sizi inandırım ki, bir çox sahələrdə Azərbaycanda uğurlu irəliləyişlərin olduğu AŞ-nin hesabatlarında da əksini tapıb. Buna misal olaraq elə İşgəncələrə qarşı komitənin son hesabatını qeyd etmək olar. Bizdə cəza evlərində bəzi humanist qaydalar var ki, bu heç Fransada da yoxdur. Məsələn, bizdə ömürlük həbs olunan insanlar cəza evlərində öz yaxınları ilə, ailələri ilə uzun müddət təklikdə görüşə bilirlər, qədim demokratiya ənənələri olan bəzi ölkələrdə belə qaydalar heç yoxdur. Bu, onu göstərir ki, biz Avropaya baxaraq, ondan nələrisə öyrənməklə yanaşı, bəzi sahələrdə daha qabağa gedə bilmişik, daha da yüksək nəticələr göstərə bilmişik.

- Azərbaycanın AŞPA-da fəaliyyətini necə qiymətləndirirsiniz?

- AŞPA ilə çox yaxşı münasibətlərimiz var. Bildiyiniz kimi, ötən ilin noyabr ayında Azərbaycanda parlament seçkiləri keçirildi. AŞPA-da təmsil olunacaq yeni nümayəndə heyəti artıq təsdiq olunub. Qeyd edim ki, qarşımızdakı qış sessiyasına nümayəndə heyətimiz tam tərkibdə, yəni həm əsas heyət, həm də əvəzedicilər gələcəklər. Bunun da bir neçə səbəbi var. Bu, həm də ölkəmizin Avropa Şurasına qəbul olunmasının on illiyi və bununla bağlı silsilə tədbirlərinin keçirilməsi ilə əlaqəlidir. Bilirsiniz ki, AŞPA-da bundan sonra təmsil olunacaq nümayəndə heyətinin tərkibində elə də böyük dəyişiklik edilməyib. Çünki bu, çox peşəkar bir tərkib olub. Səməd Seyidov nümayəndə heyətinin rəhbəri olaraq qalır. Öz fəallıqları ilə seçilən bir sıra deputatlar nümayəndə heyətinin tərkibində öz işlərini davam etdirəcəklər. Bu, bizim işlərimizə də yardım edəcək, bizim üçün də asan olacaq. Çünki bu insanlar artıq necə işləməyi çox yaxşı bilirlər. Təbii ki, yeni üzvlər də var, onlar da xarici dilləri bilən peşəkardırlar və hesab edirəm ki, onlar üçün də uyğunlaşmaq asan olacaq. Bildiyiniz kimi AŞPA-nın son seçkilərlə bağlı verdiyi rəylər müsbət olmuşdu və fikrimcə, digər qurumlardan daha düzgün, daha çox obyektiv idi. Bildiyiniz kimi, indi AŞ Nazirlər Komitəsinə Türkiyə sədrlik edir və bu sessiyada Türkiyənin prezidenti və xarici işlər nazirinin çıxışları nəzərdə tutulub. Eyni zamanda, sessiya çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə ilinin açılışı olacaq və bu tədbirə Azərbaycan tərəfindən Ali Məhkəmənin sədri Ramiz Rzayev dəvət olunub. Bundan əlavə, sessiyanın keçiriləcəyi dövrdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də Strasburqa gəlməsi, bir sıra yüksək səviyyəli görüşlər keçirməsi və Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verməsi nəzərdə tutulub. Bütün bu yüksək qonaqlar Avropa Şurasına üzvlüyümüzün on illiyi münasibətilə keçiriləcək yubiley tədbirlərində də iştirak edəcəklər.

- Azərbaycanın nə vaxt post-monitorinq ölkəsi olacağını gözləmək olar?

- Avropa Şurası Nazirlər Komitəsi səviyyəsində “Aqo” qrupunun apardığı xüsusi monitorinq bu gün faktiki olaraq dayandırılıb və bundan sonra bütün üzv ölkələrə qarşı olduğu kimi, Azərbaycan üçün də yalnız GR-DEM (Demokratiya üzrə məruzəçi qrup) səviyyəsində ümumi monitorinq aparılacaq. Yəni bütün digər üzv ölkələr kimi, biz də artıq ümumi normal monitorinq rejiminə keçmişik və faktiki olaraq biz bu gün xüsusi monitorinqdən çıxmışıq. Amma burda bir məsələni də qeyd etməliyəm. “Aqo” qrupunun Azərbaycanla bağlı apardığı monitorinqin müsbət tərəfləri də var idi. Bu qrup Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də daim diqqətində saxlayırdı. Buna görə də biz GR-DEM qrupuna keçdikdə təkid etdik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirəsi bu qrup çərçivəsində də qalsın. Ona görə də bu məsələ GR-DEM daxilində də gündəmdə qalacaq. Biz bunu Azərbaycan Xarici İşlər Nazirliyində də müzakirə etdik və hesab edirik ki, münaqişə mövzusu daim AŞ-nin gündəliyində qalmalıdır. Biz deyirik ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma Avropa Şurası da təcrübəli bir təşkilat olaraq bu məsələdə öz töhfəsini verə bilər. AŞPA-ya gəldikdə, əlbəttə ki, monitorinq hələlik var, amma bu sahədə də biz artıq kifayət qədər böyük bir yol keçmişik. AŞPA-nın daxilində də bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi alt komitə var idi. İndi isə Ermənistan hər vəchlə bu komitənin bərpa edilməsinə qarşı çıxır. Amma AŞPA-nın sədri Mövlud Çavuşoğlu bu sahədə hər iki ölkənin qurumdakı nümayəndə heyətlərini bir araya gətirmək istəyir. Biz, Azərbaycan tərəfi, buna müsbət baxırıq, Ermənistan tərəfi isə bu çərçivədən çıxmaq istəyir. Ümumiyyətlə, son vaxtlar Ermənistan qeyri-konstruktivlik göstərərək, bütün mövcud olan mexanizmlərdən çıxmaq istəyir, o cümlədən də AŞPA-nın alt komitəsindən.

Bu sessiyaya gəldikdə, hesab edirəm ki, qış sessiyasında AŞPA sədri bu istiqamətdə bir daha cəhd göstərəcək. Amma dediyim kimi, Ermənistan tərəfi bu proseslərdən uzaqlaşmağa çalışır, bu da düzgün mövqe deyil. AŞ təbii ki, bunu başa düşür və görür. Biz öz növbəmizdə AŞ-nin rəhbərliyinə öz fikrimizi bildirmişik və onlar da Ermənistanın bu proseslərdən yayınmasının düzgün olmadığını qəbul edirlər.

- Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan gələn və baxılan şikayətlərin statistikası barədə məlumat verə bilərdinizmi?

- Biz də digər ölkələr kimi Avropa Şurasınna üzv olanda Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq və məhkəmə bizim ölkədən gələn şikayətlərə də baxaraq qərarlar çıxarır. İndi də bir neçə iş var ki, biz onunla bağlı yazışmalar gözləyirik. Amma digər ölkələrlə müqayisə etsək, görərik ki, bizdə ciddi bir problem yoxdur. Bildiyiniz kimi, indiyə kimi bir-iki ciddi qərar olub, onlar haqda da biz faktiki bütün lazım olan cavabları vermişik. Bizim bu sahədəki siyasətimiz açıq və şəffafdır. Yəni bizə hər hansı sual verilirsə, biz bunu hüquqi çərçivədə, əsaslandırılmış şəkildə cavablandırmağa çalışırıq. Azərbaycan hökumətinin məhkəmə üzrə səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da Strasburqa səfərlər edir və müvafiq iclaslara qatılır. Yəni dediyim odur ki, biz müvafiq qaydada fəaliyyətimizi göstəririk. Bu məsələdə hansısa ajiotaj yaratmamalıyıq. Dediyim kimi, başqa ölkələrlə müqayisədə Azərbaycandan gələn şikayətlər yüz dəfələrlə azdır. Bundan başqa, təbii ki, şikayətlərin gəlməsi də normaldır, insanlar öz milli məhkəmələrindən narazı olub bura şikayət etməkdə sərbəstdirlər. Bu, normal bir prosesdir. Eyni zamanda qeyd edim ki, məndə olan məlumata görə bizdən gələn şikayətlərin böyük əksəriyyəti məhkəmə tərəfindən rədd edilir.

- Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi ilə bağlı hansı tədbirlərin keçirilməsi nəzərdə tutulubmu?

- Bu ayın 25-də Azərbaycanın Avropa Şurasına üzv olmasının on illiyidir və bununla bağlı biz də öz tərəfimizdən bir neçə tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. Yanvarın 25-də axşam Strasburqun mərkəzi konsert salonunda Azərbaycandan gəlmiş caz qrupunun konserti olacaq və bu tədbirdə biz AŞ-nin rəhbərliyinin, qurum yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin, Strasburq ictimaiyyətinin, Strasburqda yaşayan azərbaycanlılar və təhsil alan tələbələrimizin iştirakını gözləyirik. Bu, bir növ Azərbaycan gecəsi olacaq. Caz musiqisinin seçimi isə onunla bağlıdır ki, bizdə indi bu musiqi janrı çox böyük uğurlar qazanır və yeni bir janr – özümüzün etno-cazımızı yaratmışıq. Bu janr bizə Amerikadan gəlsə də, Azərbaycan da bu gün bu musiqiyə öz milli çalarlarını gətirə bilib və dünyada da bu janrda öz sözümüzü deməyə başlamışıq. Hesab edirəm ki, cazmenlərimiz bu konsertdə də Azərbaycan cazının gözəlliyini göstərə biləcəklər. Yanvarın 26-da isə AŞ-nin restoranında böyük bir ziyafət təşkil olunacaq. Bundan başqa, ilboyu da bir sıra tədbirlər olacaq. Konfranslar və bədii tədbirlərin olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR