Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov: “Ermənistan işğal etdiyi ərazilərin bir hissəsini belə azad etməyib, əksinə bu ərazilərdə süni məskunlaşma siyasəti yürüdüb”

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov: “Ermənistan işğal etdiyi ərazilərin bir hissəsini belə azad etməyib, əksinə bu ərazilərdə süni məskunlaşma siyasəti yürüdüb”
# 19 yanvar 2011 07:20 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Fransanın gündəlik "Le Monde" qəzetində Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun "Nouvelles d’Arménie Magazine" jurnalının baş redaktoru Ara Toranyana cavab yazısı dərc edilib.

APA-nın Avropa bürosunun məlumatına görə, yazıda deyilir ki, Ara Toranyan Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanla Azərbaycan arasında həqiqətən nə baş verdiyinin təhrif edilmiş əksini təqdim edir: “Həqiqətdə isə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik digər yeddi rayonun (Azərbaycanın təqribən 20% ərazisi) Ermənistan tərəfindən işğalı minlərlə azərbaycanlının ölümü ilə nəticələnib. Hələ öz yurd-yuvalarından qovulmuş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünləri demirəm. ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında 1992-ci ildən bəri iki ölkəmiz arasında illərcə aparılan danışıqlar ərzində Ermənistan heç vaxt bu ərazilərin bir hissəsinin belə azad olunmasını qəbul etməyib və əksinə qanunsuz olaraq, burada süni məskunlaşma siyasəti yürüdüb. Eyni zamanda, Azərbaycanın beynəlxalq hüquq və normalar prinsipləri üzərində qurulmuş, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin müddəalarına ciddi şəkildə istinad edərək, ölkəmin bu münaqişənin ədalətli və sülh yolu ilə həll edilməsinə əzmlə bağlı qaldığını qeyd etmək istərdim".

Qeyd edək ki, Fransada çıxan "Nouvelles d’Arménie Magazine" jurnalının baş redaktoru Ara Toranyanın "Le Monde" qəzetinin 29 dekabr 2010-ci il tarixində "Paris errməniləri tərk edir" adlı məqaləsi dərc edilib. Bu məqalədə müəllif əsasən fransız siyasi elitasına hiddətlə narazılığını bildirir və hətta onları pantürkizm maraqlarına xidmət etməkdə günahlandırır. Müəllifin qəzəbinə səbəb WikiLeaks’də ermənilərin ürəyincə olmayan Fransaya aid bir sıra detalların üzə çıxması olub. Ara Toranyan Fransa prezidenti Nikola Sarkozinin bu ölkədə yaşayan ermənilərə xəyanət etdiyini yazır və onu uydurma “erməni soyqırımı”nı inkar etdiyinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunla bağlı Fransanın erməni icması qarşısında götürdüyü öhdəliklərinə əməl etməməkdə günahlandırır. Belə ki, 24 aprel 2007-ci ildə hələ prezidentliyə namizəd olduğu dövrdə Nikola Sarkozi erməni seçicilərinə Fransa Senatını bu qanun layihəsini qəbul etməyə çağıracağına və bu məsələdə təpki göstərəcəyinə söz verib. Lakin WikiLeaks’in yaydığı xəbərə görə, Yelisey sarayının diplomatik müşaviri Jan-David Levit 29 may 2007-ci ildə Ankaraya etdiyi səfəri zamanı türk həmkarlarına "Sarkozi elə edəcək ki, erməni soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Senatda it-bat olsun" deyib.

Müəllif daha sonra bədbəxtliyin heç vaxt tək gəlmədiyindən şikayətlənərək, erməniləri məyus edən WikiLeaks’in digər bir maraqlı açıqlamasına diqqət yetirir. Bu məşhur saytın Fransa ilə bağlı yaydığı digər xəbərə əsasən, ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı Rolan Qalharag (Roland Galharague) ABŞ-ın dövlət katibinin müavini Uilyam Börnslə (William Burns) görüşündə onlar Dağlıq Qarabağ münaqişəsi haqda da danışıblar və fransalı diplomat amerikalı həmkarına Fransadakı güclü erməni diasporunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş və nəzərdə tutulan sülh təkliflərinə əngəl törətdiyini boynuna alıb. Ara Toranyan özünün bu cəfəng yazısında Dağlıq Qarabağ bölgəsini Türkiyə-Azərbaycan tandemi tərəfindən düşmənçiliyə və müharibə hədələrinə məruz qalmış müstəqillik istəyən bir erməni ərazisi kimi qələmə verməyə çalışır. Daha sonra müəllif Fransada ermənilərin pantürkizm maraqlarına qurban verildiyinin artıq bir ənənəyə çevrildiyini bildirir və bu təcrübənin nə qədər hələ davam edəcəyi haqdakı giley-güzar edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR