Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilib

Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilib
# 22 yanvar 2011 16:25 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan baş nazirinin müavini Abid Şərifov komissiyanın işini yüksək qiymətləndirərək əldə olunmuş uğurlardan danışıb. O bildirib ki, iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrin daha da inkişafına xidmət edəcək. Türkiyə şirkətlərinin Azərbaycanda böyük layihələr reallaşdırdıqlarını vurğulayan A. Şərifov buna misal olaraq respublika əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəmərinin, Şəmkir Su Anbarının tikintisini göstərib. Hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin əhəmiyyətini diqqətə çatdıran A. Şərifov deyib ki, vaxtilə bunu əfsanə adlandıranlar artıq o əfsanənin reallaşmasına şahidlik edirlər.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız komissiyanın işinin təşkilinə, göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Azərbaycanı özünə ikinci vətən sayan Taner Yıldız qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün imkanların olduğunu söyləyib: “Dövlətlərimizin başçıları siyasi iradə nümayiş etdirərək qarşıya konkret məqsədlər qoyublar. Ümid edirik ki, iqtisadi əlaqələrimiz daha da inkişaf edəcək və biz qarşıya qoyulan vəzifələrə nail olacağıq”.

Bakıya hər gəlişində böyük bir inkişaf gördüyünü nəzərə çatdıran T. Yıldız Azərbaycanın əldə etdiyi uğurların qardaş Türkiyədə böyük sevinclə izləndiyini vurğulayıb. Beynəlxalq iqtisadi böhran fonunda ötən il Türkiyədə də iqtisadi inkişafın əldə olunduğunu qeyd edən qonağın sözlərinə görə, Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduğu investisiyalar onlarda böyük məmnunluq yaradır. O bildirib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan vəzifələrdən biri də iki ölkə arasındakı xarici ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasıdır: “Ümid edirəm, biz bu səviyyəyə çata biləcəyik”.

İclasın sonunda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclasının protokolu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR