Mövlud Çavuşoğlu: “AŞPA Bürosu Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini bərpa edəcək və qurumun sədrini seçəcək”

Mövlud Çavuşoğlu: “AŞPA Bürosu Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini bərpa edəcək və qurumun sədrini seçəcək”
# 24 yanvar 2011 12:03 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “Biz Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağla bağlı alt komitəsinin fəaliyyətini bərpa etmək istəyirik. Bildiyiniz kimi, AŞ PA 2005-ci ildə münaqişəyə dair 1416 saylı qətnamə qəbul edib. Məqsədimiz alt komitə çərçivəsində bu qətnamənin həyata keçirilməsidir. Bu barədə AŞ PA Bürosu da aydın şəkildə öz fikrini bildirib”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri AŞ PA-nın qış sessiyası öncəsində Strasburqda mətbuat konfransı keçirən AŞ PA sədri Mövlud Çavuşoğlu deyib. O xatırladıb ki, əvvəllər alt komitə fəaliyyət göstərsə də, onun sədrinin vəfatından sonra qurum fəaliyyətini dayandırıb: “Keçən il mən hər iki ölkənin AŞ PA-dakı nümayəndə heyətlərinin üzvləri ilə görüşdüm və o vaxtdan bəri hər sessiyada görüşlərimiz olub. Sonuncu sessiyada razılığa gəldik ki, bu görüşün formatı daha da genişləndirilsin və hər nümayəndə heyətindən müxalifəti təmsil edən bir deputat olsun. Qərara alındı ki, məsələ Büroya təqdim olunsun. Büronun plenar sessiyasının cümə günü keçiriləcək iclasında bu məsələ müzakirə olunacaq. Büro alt komitənin fəaliyyətinin bərpa olunması haqqında qərar verəcək və onu sədrini təyin edəcək. Alt komitə yenidən fəaliyyətinə başlayacaq və əvvəlki komitənin səlahiyyətləri çərçivəsində işə başlayacaq”.

M. Çavuşoğlu təəssüflə vurğulayıb ki, Ermənistanda bəzi siyasi rəhbərlər bu məsələnin AŞ PA sədrinin şəxsi layihəsi olduğunu bildirirlər: “Bu, səhv fikirdir. Məsələyə Ermənistana rəsmi səfərim zamanı aydınlıq gətirmişəm. Bu, şəxsi bir layihə deyil, AŞ PA-nın qəbul etdiyi qərardır. AŞ PA sədrinin bu məsələni Büroya təqdim etmək öhdəliyi var. Bu, AŞ PA sədri kimi mənim vəzifəmdir. Məsələ Büronun cümə günü keçiriləcək iclasında müzakirə olunacaq. Alt Komitənin sədri postuna hələ namizədlər irəli sürülməyib. Mən AŞ PA-dakı siyasi qrupların rəhbərlərinə bu haqda məlumat vermişəm və hesab edirəm ki, Büro alt komitəyə yeni, obyektiv bir sədr seçəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR