Qars Bələdiyyəsinin başqanı: “Türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi dəqiqdir”

Qars Bələdiyyəsinin başqanı: “Türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi dəqiqdir”
# 24 yanvar 2011 12:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Qars şəhərindəki türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənin söküləcəyi dəqiqdir”. Bunu APA-ya açıqlamasında Türkiyənin Qars Bələdiyyəsinin başqanı Nevzat Bozkuş deyib.

Lakin o, söküntü işlərinin nə vaxt aparılacağı barədə dəqiq söz söyləyə bilməyəcəyini söyləyib: “Dəqiq tarix deyə bilmirik. Çünki orada söküntüsü aparılacaq şey adi tikili deyil, abidədir. Söküntünü apararkən tarixi abidələrlə bağlı qanunvericiliyin tələblərini pozmağımız yanlış olardı. Ona görə də hazırda bu sahədə ixtisaslaşmış şirkətlərlə danışıqlara başlamışıq. Danışıqların nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Danışıqlar yekunlaşdıqdan sonra onlar abidəni oradan götürəcəklər”.

N. Bozkuş abidənin qoyulmasında məsuliyyət daşıyan rəsmilərin qanun pozuntusuna yol verdiklərinə görə cəzaya məruz qalacaqlarını da istisna etməyib: “Bu, sırf hüquqi məsələdir, hüququn qərar verəcəyi məsələdir. İndidən bu barədə nəsə desək, yanlış ola bilər”.

Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR