Azərbaycanlı politoloq: “İranın dini rəhbərliyi ölkələrinin mənəvi-psixoloji, sosial problemləri qarşısında tarixi məsuliyyət daşıyırlar”

Azərbaycanlı politoloq: “İranın dini rəhbərliyi ölkələrinin mənəvi-psixoloji, sosial problemləri qarşısında tarixi məsuliyyət daşıyırlar”
# 25 yanvar 2011 10:11 (UTC +04:00)
Bakı - APA. “Dünya cəmiyyətlərinə xas olan nöqsanlar İran cəmiyyəti üçün də yad deyil. Əxlaqsızlıq, şəraba və narkotikə meyllilik İran cəmiyyətində də mövcuddur. Hətta Avropaya xas olan qeyri-ənənəvi cinsi təmayüllülər də özünü İran cəmiyyətində göstərir. Bu cəmiyyətdə əksərən yalan həqiqət əvəzinə işlədilir, mənəvi aşınma getdikcə güclənir”. Bu sözləri APA-ya açıqlamasında Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, ölkə daxilinə və xaricinə İsraili, yəhudiləri düşmən kimi təqdim edən İranın dini liderləri İsrail məhsullarının və ya yəhudi lisenziyalı malların İrana daxil olmasına sanksiya tətbiq etməyiblər: “Yüksək statuslu din xadimlərinin özlərinin bu məhsullardan istifadə etməsi ilə bağlı məlumatlar da yayılır. Mənəviyyatın ən böyük aşınması da elə buradan başlayır. Hədsiz ambisiyalı dini liderlər gənc ailələrin şəriət qaydalarına uyğun, əxlaq qaydalarının gözləməklə, ibadət əmrlərini icra etmələrinə şərait yaratmayıblar. Valideynləri ilə birlikdə yaşamalı olan gənc ailələr əksərən ibadətləri yerinə yetirə bilmirlər. Mənəvi aşınmanın ən böyük dərəcəsi ondadır ki, İran İslam Respublikasının din xadimləri İslam dinini fars millətçiliyinin maraqlarına xidmət etməyə məcbur ediblər. Hətta iş o yerə çatıb ki, bütün dünyada “Ərəb körfəzi” kimi tanınan məşhur ərazini İran “Fars körfəzi” adlandırır. Quranı-Kərim ərəb dilində nazil olunub. Əgər İranın “ərəb” sözündən xoşu gəlmirsə, bu körfəzi “Ərəb körfəzi” yox, “İslam körfəzi” adlandırsın. “Fars” kəlməsi çox zəruridirsə, İran öz adının dəyişib rəsmən “Farsistan” (Persia) qoya bilər”.

M. Əhmədoğlu İranda Azərbaycan dilində təhsilin olmamasıma da toxunub: “Bu, ikili standartdan xəbər verir. İranın dini liderləri Azərbaycan Respublikasında bir neçə qız uşağının “təhsil hüququnun pozulmasını” Azərbaycana qarşı təzyiqə çevirdikləri halda, İranda Azərbaycan dilində məktəb açılmasını qadağan ediblər. Qurani-Kərimdə Allah-talanın özünün insanları müxtəlif dillərdə danışan kimi yaratması barədə ayə var. Bu məntiqdə Azərbaycan dili ilə fars dili dinimizin qabağında eyni güclü və eyni hüquqludur. Onda nəyə görə Azərbaycan dilində təhsil qadağan edilir? İranda şiəlik Şah İsmayıl Xətai tərəfindən yayılıb və qorunub saxlanılıb. Şah İsmayıl Xətainin danışdığı dildə təhsilə qadağa qoymaq mənəviyyata ziyandır. İranın indiki dini lideri Seyid Əli Xameneyi 13-cü imam kimi qəbul edilir. İranın əksər dindarları üçün belə müqəddəs şəxsi dünyaya bəxş edən ananın danışdığı dildə, bu ananın xatirənə Tehranda 10 məktəb açmaq savab əməl olardı”.

Politoloq hesab edir ki, İranı idarə edənlərin mənəvi aşınmaları görməmələri və ya özlərinin bu mənəvi aşınmalara şərait yaratması nəticəsində İran İslam Respublikasının cəmiyyəti indiki vəziyyətə düşüb: “Kimdənsə nəyisə gizlətmək mümkündür, lakin Allah hər şeyi görür. Azərbaycan Respublikasında 30-40 nəfər xanımın tədrisdən qalması problemdir, 30-40 milyonun öz dilində təhsil almaması isə faciədir. Allahın belə faciəyə rəvac verənləri cəzalandıracağı şəksizdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR