Kadri Gürsel: “İran Azərbaycanın güclənməsindən ehtiyat edir”

Kadri Gürsel: “İran Azərbaycanın güclənməsindən ehtiyat edir”
# 26 yanvar 2011 07:38 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. “İranın nüvə silahı əldə etmək cəhdlərini sadəcə İsraillə əlaqələndirmək doğru deyil. Bu, İranın bölgə ölkələrinin hamısı ilə münasibətlərinə təsir göstərə biləcək bir məsələdir. Əgər İran nüvə silahı əldə edərsə, bölgədəki balans tamamilə dəyişəcək”. Bu fikirləri APA-ya açıqlamasında Orta Şərq və Qafqaz üzrə mütəxəssis, nüfuzlu “Milliyet” qəzetinin köşə yazarı Kadri Gürsel deyib.

K. Gürsel bildirib ki, İran rejimi özünü daim “xarici təhdid” altında görsə də, əslində bölgə ölkələrinə öz siyasətini ixrac etməyə çalışan bir ölkədir: “Tehran qonşu bölgələrə yerləşdirdiyi HAMAS və “Hizbullah” kimi təşkilatlar vasitəsilə ayrı-ayrı ölkələrə içəridən təsir göstərmə planlarından heç vaxt vaz keçmir. İran nüvə silahı əldə edərsə, bu ölkənin yerişinin-duruşunun dəyişəcəyi heç kimdə şübhə doğurmur. Bu durum ölkənin bütün qonşuları üzərində neqativ təsir yaradacaq. İrandakı əhalinin önəmli qismini azərbaycanlılar təşkil etdiyinə görə Tehran Bakıya qarşı siyasətində heç vaxt bunu nəzərdən qaçırmır. İran Azərbaycanda baş verən dəyişiklikləri həssaslıqla izləyir və Azərbaycanın güclənməsindən ehtiyat edir. Çünki Azərbaycan Respublikasının inkişafı İran Azərbaycanındakı milliyyətçi ruhun da güclənməsinə səbəb olur”.

APA-nın “Ermənistan uzun müddətdən bəri Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. İran isə işğalçı ölkə ilə çox yaxın əməkdaşlıq içindədir. Prosesləri bu prizmadan necə dəyərləndirirsiniz?”- sualını Kadri Gürsel belə cavablandırıb: “Bu, İran xarici siyasətinin bəlkə də şah dönəmindən bəri dəyişməyən geosiyasi paradiqmasıdır. Cənubi Azərbaycanda milliyyətçiliyin güclənməməsinə çalışan İran bu siyasətini Ermənistanı dəstəkləyib Azərbaycanla tarazlıq yaratmağa çalışaraq həyata keçirir. Bu, İranın xarici siyasətində asanlıqla dəyişəcək olan parametrə bənzəmir”.

“Sizcə, Türkiyə İran Azərbaycanı əhalisinə lazımi diqqəti göstərirmi?”- sualına isə “Milliyet” yazarının cavabı belə olub: “Türkiyənin İran Azərbaycanına göstərdiyi diqqət legitim sərhədlərdən kənara çıxarsa, başqa sözlə desək, bu durum Tehranı narahat edərsə, İran da Türkiyədəki proseslərə Ankaranı narahat edəcək şəkildə maraq göstərər. 90-cı illərdə terror təşkilatı üzvlərinin İranda gizləndiklərini və orada hazırlıq görərək Türkiyədə terror aksiyaları həyata keçirdiklərini bilirik. İranın əlinin Türkiyənin içinə uzanmaması üçün Ankara bu məsələdə çox həssas davranmaqdadır. Hər iki tərəf bir-birini narazı salan addımlar atmamağa çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR