Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları “Diplomatların forumu” adlı tədbirə qatılıblar

Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları “Diplomatların forumu” adlı tədbirə qatılıblar
# 28 yanvar 2011 11:10 (UTC +04:00)
Bakı – APA. Yanvarın 22-də Tokio şəhərində “Japan Return Programme” adlı təşkilat tərəfindən “Diplomatların forumu” adlı tədbir keçirilib. Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, hər il ənənəvi olaraq yanvar ayında keçirilən forumun əsas məqsədi diplomatların öz ölkələri haqqında maraqlı məqamları yapon dilində qonaqların diqqətinə çatdırması və Yaponiya barəsində təəssüratlarını bölüşməsindən ibarətdir.

Foruma bu il Azərbaycanın Yaponiyadakı səfirliyinin iki diplomatı qatılıb. Azərbaycan diplomatları “Azərbaycanın zəngin mətbəxi” və “Azərbaycanda turizm imkanları” adlı mövzular üzrə çıxış ediblər. Çıxış əsnasında salonda quraşdırılmış böyük ekranlarda “Azərbaycan mətbəxindən nümunələr” adlı video çarx göstərilib.

Forumun davamı olaraq hər diplomatın öz ölkəsi haqqında gətirdiyi broşurlardan ibarət sərgi təşkil olunmaqla yanaşı, ölkələrin milli mətbəxlərinə aid nümunələr də sərgilənib. Yapon bazarında yenicə satışa çıxarılmış Azərbaycana aid şərab məhsulunun sərgiləndiyi masa maraq doğurub. Qonaqlara Azərbaycana aid məlumat broşurları da paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR