Azərbaycan prezidenti: “Ümid edirik ki, həmsədr ölkələr Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa inandırmaq üçün öz nüfuz və siyasi resurslarından istifadə edəcək”

Azərbaycan prezidenti: “Ümid edirik ki, həmsədr ölkələr Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa inandırmaq üçün öz nüfuz və siyasi resurslarından istifadə edəcək”
# 17 fevral 2011 10:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Mir” telekanalına müsahibəsində söyləyib. Dövlət başçısı münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 1992-ci ildə yaradıldığını xatırladıb: “1994-cü ildə isə atəşkəs barədə qərar qəbul edildi. O vaxtdan danışıqlar davam edir. Təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Buna görə də biz ilk növbədə sülh danışıqlarının nizamlanma ilə nəticələnəcəyinə ümid edirik və danışıqlar prosesində iştirak edirik. Nizamlanma təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, çünki başqa bir əsas ola bilməz. Tərəflərin ümidləri, gözləntiləri, arzuları ola bilər, lakin hər şey hüquqi formata əsaslanmalıdır. Bu situasiyada isə Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ da daxil olmaqla bütün dünya, bütün ölkələr tərəfindən tanınıb. Biz BMT-yə üzv olanda sərhədlərimiz mövcud çərçivədə tanınıb. Dağlıq Qarabağ isə praktiki olaraq ölkəmizin düz ortasında yerləşir. Təbii ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi də bu tezisi təsdiqləyir. Həmçinin digər beynəlxalq təşkilatların da qətnamə və qərarları... Buna görə də erməni tərəfinin konstruktiv yanaşması və Dağlıq Qarabağın müstəqilliyinin mümkün olmaması tezisini anlaması və qəbul etməsi halında proses irəliyə gedəcək. Əgər qarşımıza qəbul olunmaz şərtlər - separatçılıq, Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini hüquqi cəhətdən rəsmiləşdirməsi kimi məsələlər qoysalar, danışıqların heç bir perspektivi olmayacaq. Danışıqlar prosesinin hazırkı raundu, yaxud hazırkı mərhələsi “Madrid prinsiplərinə”, bu sənəndin yenilənmiş variantına əsaslanır. Bu sənəddə hazırda Dağlıq Qarabağda yaşayanların və ora qayıdacaq insanların özünüidarəetmə hüququ təmin olunur. Azərbaycan ərazilərinin işğalı faktının aradan qalxması, azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə, o cümlədən Dağlıq Qarabağa geri qayıtması, Ermənistanla Azərbaycan arasında münasibətlərin bərpası, həmçinin təhlükəsizlik qarantiyası təmin olunur. Hazırda danışıqlar masasında olan format budur. Əlbəttə ki, orada nüanslar var, amma qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bu, təmin olunsa, biz yaxın vaxtlarda irəliləyiş barədə danışa bilərik. Yox, olmasa, onda regionda situasiyanın növbəti inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər”. Dövlət başçısı sülh danışıqlarında vasitəçilərin rolunu belə dəyərləndirib: “Bilirsiniz, bu məsələyə ikili münasibətimiz var. Bir tərəfdən son yeddi ildə bu prosesdə iştirak edən bir insan kimi vasitəçi ölkələrin yaranmış ağır situasiyadan çıxış yolu tapmaq arzusunu görürəm. Və biz bunu alqışlayırıq. Digər tərəfdən, vasitəçilərin son 19 ildəki fəaliyyəti heç nəyə gətirib çıxarmayıb. Danışıqların müxtəlif formatı olub, müxtəlif mərhələlərdə müəyyən tərəqqi əldə olunub. Lakin hər dəfə gah Ermənistanda baş verən faciəli hadisələr, gah Ermənistanın əvvəllər razılaşdırılmış məsələlərlə bağlı mövqeyinin dəyişməsi səbəbindən danışıqlar dalana dirənib, yaxud nəticəsiz qalıb. Buna görə də heç bir nəticə əldə etməyən vasitəçilərin rolunu müsbət qiymətləndirmək düzgün olmazdı. Digər tərəfdən onların heç nə etmədiyini də söyləyə bilmərəm. Buna görə də ümid edirik ki, həmsədr ölkələr – bunlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir – hər halda işğalçı ölkəni işğal etdiyi ərazilərdən çıxmağa inandırmaq üçün öz nüfuz və siyasi resurslarından istifadə edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR