Piter Semnebi: “Cənubi Qafqaz regionunda gedən silahlanma prosesindən narahatıq, bu, təhlükəli ola bilər”

Piter Semnebi: “Cənubi Qafqaz regionunda gedən silahlanma prosesindən narahatıq, bu, təhlükəli ola bilər”
# 26 fevral 2011 12:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu statusda Azərbaycan jurnalistləri ilə son görüşünü keçirib. APA-nın məlumatına görə, cənab Semnebi bu vəzifədə 5 il çalışdığını, bu müddət ərzində regiona tez-tez səfərlər etdiyini xatırladıb: “Mənim Azərbaycanın hökumət qurumları ilə çox gözəl əlaqələrim olub, həm Prezident Administrasiyası, həm siyasi qurumların nümayəndələri, vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə gözəl əlaqələr saxlamışıq. Onların ölkənin inkişafı üçün çalışdığı görmək mənim üçün çox xoş olub”.

Diplomat bəyan edib ki, onun xüsusi nümayəndə vəzifəsində çalışdığı dövrdə Avropa İttifaqının region haqqında məlumatı artıb: “Bu işdə mənim də rolum olduğuna çox şadam. Mən əsasən siyasi islahatlar, seçkilər, insan haqları, azadlıq , yaxşı idarəçilik məsələləri ilə məşğul olmuşam. Bir çox mühüm məsələlərdə Azərbaycan Avropaya doğru irəliləyib. Bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə də məşğul olmuşam. “Avropa İttifaqı bu məsələ ilə məşğul olmaq səviyyəsini artırıb. Bu o deməkdir ki, Avropa İttifaqının regiona marağı artıb. Avropa İttifaqı Minsk Qrupunun səylərini dəstəkləyir, Rusiyanın və şəxsən prezident Dmitri Medvedyevin səylərini yüksək qiymətləndirirəm. Bu səylər olmasa idi, vəziyyət daha da pis olardı. Biz regionda gedən silahlanma prosesindən narahatıq, bu təhlükəli ola bilər”.

Piter Semnebi xüsusi nümayəndə vəzifəsindən getdikdən sonra hansı vəzifə ilə məşğul olacağını müəyyənləşdirmədiyini deyib: “Avropa İttifaqının xarici siyasətində dəyişikliklər aparılır, belə təyinat olsa, həmin nümayəndənin mandatında dəyişikliklər olacaq. Amma bu barədə hələ dəqiq qərar qəbul olunmayıb”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib ki, xüsusi nümayəndə təyin olunub olunmayacağından asılı olmayaraq Avropa İttifaqının bu regiona marağını azaltmayacaq: “Birgə maraqlar hər zaman mövcuddur. Hazırda Azərbaycanda Avropa İttifaqına üzv ölkələrin səfirlikləri fəaliyyət göstərir, onlardan 3-ü yeni fəaliyyətə başlayıb. Hazırda Azərbaycanla Avropa İttifaqının gündəmində duran məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli, assosiativ saziş üzərində iş, viza rejiminin sadələşdirilməsi kimi məsələlər var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR