Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri davam edir

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri davam edir
# 11 mart 2011 21:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Ankaraya işgüzar səfəri davam edir.
Martın 11-də A.Əzimov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşanerlə görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edib. Bu barədə APA Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən məlumat verir.
Araz Əzimovun Türkiyəyə səfəri çərçivəsində Bilkənd Universitetində Azərbaycanın xarici siyasəti və Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı konfrans keçirilib.
Konfransda çıxış edən Araz Əzimov xarici siyasətimizin prioritet məsələlərindən, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli və Türkiyə ilə əməkdaşlıqdan bəhs edib.
Bilkənd Universiteti İdarə Heyətinin sədri Əli Doğramaçı maraqlı məruzəyə görə universitetin professor-müəllim heyəti və tələbələri adından Araz Əzimova təşəkkür edib.
Azərbaycan xarici işlər nazirinin müavini Ankaradakı nüfuzlu “beyin mərkəzlərindən” olan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (USAK) ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən konfransda “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər” mövzusunda məruzə etmişdir. Konfransda Avropa ölkələrinin Türkiyədə fəaliyyət göstərən diplomatları və jurnalistləri iştirak ediblər.
Nazir müavini A.Əzimov ölkəmizin Avropa və Avroatlantik strukturlarına inteqrasiyası, Türkiyə ilə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli və bu münaqişənin regional əməkdaşlığa törətdiyi əngəllər, ölkəmizin fəal iştirakı ilə həyata keçirilən nəhəng iqtisadi layihələrdən ətraflı bəhs edib.
Araz Əzimov konfrans iştirakçılarının suallarını cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR