Azərbaycanın İtaliyadakı səfiri Karlo Alfonso Nallino adına Şərqşünaslıq İnstitutunda mühazirə ilə çıxış edib

Azərbaycanın İtaliyadakı səfiri Karlo Alfonso Nallino adına Şərqşünaslıq İnstitutunda mühazirə ilə çıxış edib
# 12 mart 2011 14:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Romada yerləşən Karlo Alfonso Nallino adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan Qərblə Şərqin yolayrıcında” mövzusunda mühazirə ilə çıxış edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mühazirəni institutun, eləcə də İtaliyanın digər təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri dinləyiblər. Tədbiri giriş sözü ilə açan institutun prezidenti, professor Klaudio Lo Yakono Azərbaycanın elmi tədqiqatlar baxımından böyük maraq kəsb edən ölkələrdən biri olduğunu deyib.

V. Sadıqov öz çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat verib. O, Azərbaycanın regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açıb, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışıb. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunaraq, münaqişənin həllində Azərbaycanın tutduğu ədalətli mövqe barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Sonda V. Sadıqov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR