İsrail jurnalistləri Qubadakı kütləvi məzarlığı ziyarət ediblər

İsrail jurnalistləri Qubadakı kütləvi məzarlığı ziyarət ediblər
# 31 mart 2011 12:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycanda səfərdə olan bir qrup İsrail jurnalisti mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, press-turun təşkilatçısı olan Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin vitse-prezidenti Mirəşrəf Fətiyev israilli jurnalistlərin Bakı ilə yanaşı, Quba və Qusarda olduqlarını deyib: “Səfərdə əsas məqsəd azərbaycanlıların soyqırımı barədə məlumat əldə etmək olub”.

Nümayəndə heyətinin rəhbəri Aviqdor Eskin martın 30-da Qubaya gedərək kütləvi məzarlıqla tanış olduqlarını söyləyib. O bildirib ki, həmin məzarlıqda 1918-ci ildə daşnaklar və bolşeviklər tərəfindən qətlə yetirilən azərbaycanlılarla yanaşı, yəhudilər, ləzgilər və talışların da sümükləri var: “Belə hadisələr unudulmamalıdır. Dünya Xocalı hadisələri barədə eşitmək istəmir və bu faciə barədə az məlumatlıdır”.

A. Eskin BMT-ni tənqid edib: “Təhlükəsizlik Şurasının Liviya haqqında qərarından heç beynəlxalq ictimaiyyət tam xəbər tutmamış, bu qətnamənin həyata keçirilməsinə başlanır, Liviya bombalanır, amma Qarabağla bağlı 4 qətnamə 20 ilə yaxındır ki, kağız üzərində qalıb”.

Əslən bakılı olan “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin İsraildə yaşayan və əslən Azərbaycanda olan yəhudilərin Azərbaycanı çox sevdiklərini, özlərini Azərbaycan xalqının bir hissəsi saydıqlarını vurğulayıb: “İsraildəki rusdilli jurnalistlərin əksəriyyəti Bakıdandır. Bu torpaqlarda heç vaxt antisemitizm olmayıb. Heç bir yerdə yəhudilər belə mehriban qarşılanmayıblar”.

Digər Azərbaycan əsilli yəhudi, “Novosti Nedeli” qəzetinin baş redaktoru Pyotr Lukimson Dağlıq Qarabağ münaqişəsi ilə yaxşı tanış olduğunu, bu mövzuda bir sıra məqalələr yazdığını deyib: “Mən buradan yeni ideyalarla gedirəm və söz verirəm ki, aprelin 10-na kimi İsrailin baş naziri və xarici işlər nazirinə bu səfər və yeni ideyalar barədə məlumat veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR