Azərbaycan prezidenti Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədrini qəbul edib

Azərbaycan prezidenti Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədrini qəbul edib
# 16 aprel 2011 16:20 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı senator Ambruaz Düponun ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

Ambruaz Düponla keçirdiyi ötən görüşlərini xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin də uğurlu olacağına əminliyini bildirib. Azərbaycanla Fransa arasında əlaqələrin uğurla və sürətlə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu səfərin Fransa-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı əlaqələrin bundan sonra da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.

Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon bu səfər zamanı da Bakıda böyük inkişafın şahidi olduğunu və dəyişikliklərin onda dərin təəssürat yaratdığını vurğulayaraq, son bir neçə ildə paytaxtımızda gedən inkişaf proseslərinin önəmini qeyd edib. O, ölkəmizə həmin səfərindən sonra Azərbaycanı daha yaxından tanımağa başladığını deyib.

Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələrin önəmi qeyd edilərək, bu əlaqələrin münasibətlərin daha da genişləndirilməsi işinə öz töhfəsini verdiyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR