Azərbaycan Milli Məclisinin sədri TürkPA-nın Qazaxıstanda keçiriləcək II plenar iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin sədri TürkPA-nın Qazaxıstanda keçiriləcək II plenar iclasında iştirak edəcək
# 25 aprel 2011 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Milli Məclisinin sədri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-dan 28-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək TürkPA-nın II plenar iclasında iştirak edəcək. APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, TürkPA-nın fəaliyyətdə olan sədri O.Əsədov plenar sessiyanın iclasında çıxış edərək ötən dövrdə görülmüş işlər barədə məlumat verəcək, assambleyanın inkişaf perspektivləri barədə fikrlərini açıqlayacaq.

Səfər çərçivəsində O. Əsədovun Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə, bu ölkənin Parlament Məclisi və Senatının sədrləri ilə bir sıra görüşləri planlaşdırılır.

Görüşlərdə TürkPA-nın beynəlxalq qurumlar arasında mövqeyi və digər məsələlərə dair fikir mübadilələri aparılacaq.

TürkPA-nın iclası çərçivəsində assambleyanın İstanbul sazişinə əlavələrin edilməsi, üzv ölkələrin parlament kitabxanaları arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.

Tədbir çərçivəsində “Türkdilli ölkələrin müstəqilliyi: inkişaf və yeni imkanlar” adlı foto-sərgi də nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR