ABŞ-ın Azərbaycandakı səfirliyi işini adi rejimdə davam etdirir

ABŞ-ın Azərbaycandakı səfirliyi işini adi rejimdə davam etdirir
# 02 may 2011 10:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı səfirliyi öz işini adi rejimdə davam etdirir. Bu barədə APA-ya ABŞ səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. Səfirliyini təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə sualı şərh edən Kit Bin bildirib ki, diplomatik missiya həmişəki kimi təhlükəsizlik tədbirləri görərək adi rejimdə işləyir: “Biz təhlükəsizlik məsələləri ilə bağlı işimizi Azərbaycan hökuməti ilə koordinasiya edirik. Lakin iş saatlarımız əvvəlki kimi qalıb və əvvəlki heyətlə işimizi davam etdiririk”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, dünyanın hər yerində ABŞ vətəndaşlarının həyatı üçün real təhlükə mövcuddur: “ABŞ Dövlət Departamenti Pakistanda keçirilmiş antiterror əməliyyatı ilə əlaqədar xaricdə yaşayan və xarici ölkələrdə səfərdə olan ABŞ vətəndaşlarına qarşı zorakılıq ehtimalının artması barədə xəbərdarlıq edir. Bütün soydaşlarımızı maksimum dərəcədə ehtiyatlı olmağa çağırırıq. Mövcud situasiyanın qeyri-müəyyən olduğunu nəzərə alaraq vətəndaşlarımıza tövsiyə edirik ki, antiamerikan çıxışları gözlənilən yerlərə səfərlərdən çəkinsinlər, öz evlərindən və qaldıqları otellərdən kənara çıxmasınlar və kütləvi toplantılar olan yerlərdən uzaq dursunlar. Biz soydaşlarımızı xəbərləri diqqətlə izləməyə çağırırıq”.

Qeyd edək ki, “Əl-Qaidə” lideri Üsamə bin Laden İslamabaddan 100 kilometr məsafədə yerləşən Abbotabad şəhərində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR