Laçınlılar rayonun işğalının 19-cu ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər

Laçınlılar rayonun işğalının 19-cu ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər
# 18 may 2011 08:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Laçın rayonunun işğalının 19-cu ildönümü ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış Laçın rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın məlumatına görə, Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov xiyabanda Şəhidlər Abidə Kompleksinin önünə əklil qoyub, iştirakçılar şəhidlərin ruhuna dualar oxuyublar.

R. Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, Laçının müdafiəsi zamanı 299 nəfər şəhid olub və yüz milyonlarla dollar maddi ziyan dəyib: “Laçın bizim dədə-baba yurdumuzdur. Dövlət başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə torpaqlarımız azad ediləcək”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və keçmiş döyüşçülər də Şəhidlər Xiyabanını ziyarət ediblər. QAT sədri Akif Nağı deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri yalnız hərbi əməliyyatlar sayəsində azad edilə bilər. O, Azərbaycan hökumətini vasitəçilərin uğursuz diplomatik addımlarından imtina etməyə və azadlıq müharibəsinə hazırlaşmağa çağırıb.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR