Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər ” mövzusunda dəyirmi masa keçirilib

Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər ” mövzusunda dəyirmi masa keçirilib
# 26 may 2011 21:29 (UTC +04:00)
Tədbirə Avropa Parlamentinin bir sıra üzvləri və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri tədbirə qatılıblar.
Dəyirmi masada çıxış edən Avropa Parlamentinin Latviyadan olan üzvü İnese Vaydere və Almaniyadan seçilmiş türk əsilli deputat İsmayıl Ərtuğ Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ölkəmizin geosiyasi baxımdan daşıdığı əhəmiyyəti, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib və eləcə də əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etdiyi Azərbaycanın dünyəvi və müasir bir dövlət modelini tərənnüm etdiyi göstərib. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş əraziləri və doğma torpaqlarından məhrum edilmiş Azərbaycanlı məcburi köçkünlərdən bəhs etmiş deputatlar beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirib və Avropa İttifaqının münaqişənin tezliklə həllinə öz fəal dəstəyini verməli olduğunu bəyan ediblər. Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsi və elmin tərəqqisinə verdiyi töhfələri xatırladan Qraham Vatson Cənubi Qafqazda mövcud mürəkkəb siyasi durum haqqında fikirlərini bölüşüb və bu mənada xüsusilə Azərbaycan torpaqlarının işğal olunması faktını önə çəkib. O, Azərbaycan və Avropa İttifaqı arasında bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoqun vacibliyini vurğulayıb.
Azərbaycandan bu dəyirmi masaya qatılmış Milli Məclisin deputatı və “Avronest” Parlament Assambleyasının üzvü Azay Quliyev Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı sahəsində artıq qət olunmuş yolu və əldə olunan nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb və Avropa Qonşuluq Siyasəti və xüsusilə Şərq Tərəfdaşlığının təqdim etdiyi yeni əməkdaşlıq perspektivlərini qeyd edib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiya və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri vurğulayıb və Avropalı həmkarlarını münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllinə dəstək verməyə çağırıb. O, bundan əlavə Avropa Parlamentinin 12 may tarixdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Azərbaycan ictimaiyyəti və eləcə də Milli Məclis tərəfindən qərəzli və birtərəfli sənəd kimi qəbul edildiyini söyləyib və Avropa İttifaqının tərəfdaşı olan Azərbaycanla qətnamə dilində danışılmasının qəbuledilməz olduğunu göstərib. A.Quliyev hər hansı zərurət olmadan, sənəddə istinad olunan məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilmədən və Azərbaycanın da iştirakçısı olduğu “Avronest” Parlament Assambleyasının təsisat toplantısından yalnız bir neçə gün sonra təcili müzakirələrin təşkil edilməsi və yoxlanmamış konkret kiçik hadisələrin baş verdiyi sosial konteksdən çıxarılaraq, bir tendensiya kimi qələmə vermək cəhdinin Azərbaycanda narazılıqla qarşılandığını açıqlayıb. Azərbaycanın Avropa İttifaqı və o cümlədən Parlament ilə bütün sahələrdə açıq və şəffaf dialoq və əməkdaşlığa hazır olduğunu ifadə edən A.Quliyev Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək məqsədinə sadiq qaldığını bir daha bəyan edib.
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov öz növbəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görüşülən işlərdən bəhs edib və Avropa inteqrasiya sahəsində vətəndaş cəmiyyəti qurumlarını üzərinə düşən işlərdən danışıb. O, da öz növbəsində Dağlıq Qarabağ münaqişənin ədalətli nizamlanması və Azərbaycanın haqq səsinin ucaldılmasının ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti üçün bir nömrəli məsələ olduğunu bildirib və Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlər probleminin digər sahələr kimi vətəndaş cəmiyyətinin tam şəkildə inkişafına mənfi təsir etdiyini söyləyib.
Azərbaycan Respublikasının Belçikadakı Səfiri və Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubovun da iştirak etdiyi maraqlı və məzmunlu müzakirələr zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini əhatə edən mövzulara dair səsləndirilmiş suallar cavablandırılmışdır və bir çox məsələlər üzrə Azərbaycanın anlayışla qarşılanıb. Tədbirdə iştirak edən Brüsseldə fəaliyyət göstərən iki erməni təşkilatının təmsilçilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanıldıcı fikirləri və təhrikedici suallarına Azərbaycanlı natiqlər tərəfindən tutarlı cavablar verilib. Bu cavablar qarşısında erməni iştirakçı yenidən Dağlıq Qarabağ münaqişəsinə dair ancaq özlərinin inandığı məlum tarixçəni təqdim etməyə başladıqda isə onun çıxışı tədbirə sədrlik etmiş Qraham Vatson tərəfindən yarımçıq kəsilib. Dəyirmi masaya yekun vuran Qraham Vatson aparılan müzakirələri yüksək qiymətləndirib və tərəflərin bir-birini daha yaxından dərk etmələri üçün belə tədbirlərin gələcəkdə vaxtaşırı təşkilinin təşviqini əhəmiyyətli sayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR