28 May – Respublika Günü Belqradda qeyd edilib

28 May – Respublika Günü Belqradda qeyd edilib
# 27 may 2011 19:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində Azərbaycan Respublikasının Milli bayramı – 28 May, Respublika Günü münasibətilə rəsmi tədbir keçirilib. Bu barədə APA-ya Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının, ictimai təşkilat və qeyri-hökumət qurumlarının nümayəndələri, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin müşaviri Qabil Köçərli tədbir iştirakçılarına 28 May - Respublika Gününün tarixi haqqında məlumat verib, 28 may tarixinin Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri sayıldığı və 93 il öncə müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının elan edildiyi barədə məlumat verib. O, Avropa demokratik dəyərlərini, şərq mədəniyyətinin özəllikləri və milli-mənəvi dəyərlərlə üzvi surətdə birləşdirən Azərbaycan Demokratik Respublikasının yeni dövlət və cəmiyyət quruculuğu modelinə çevrildiyini, ölkədə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyini, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun tanındığını qeyd etmiş, Azərbaycan Demokratik Respublikasının siyasi və mənəvi varisi olan müasir Azərbaycan dövlətinin bu gün prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçilik ideya və ənənələrini uğurla davam etdirdiyini vurğulayıb.

Q.Köçərli həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu çoxetiqadlı və çoxmillətli bir ölkə olduğunu, müxtəlif etnik qrupların nümayəndələrinin, müxtəlif dini köklərə malik olan insanların ölkəmizdə eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib, hazırda Azərbaycanda hər bir sahədə sürətli inkişafın getdiyini, ölkədə demokratik islahatların və irimiqyaslı layihələrin həyata keçirildiyini, ölkəmizin dünya birliyinə uğurla inteqrasiya olaraq, beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, eyni zamanda Azərbaycan dövlətinin bütün dünya ölkələri ilə mehriban və dost münasibətlər qurmağa böyük önəm verdiyini və son illərdə Azərbaycanla Serbiya arasında təşəkkül tapmış hərtərəfli münasibətləri buna nümunə kimi göstərib və iki ölkə arasında dostluq və qarşılıqlı maraqlara əsaslanan hərtərəfli əməkdaşlığın genişləndirilməsi və xalqlarımızın daha da yaxınlaşması üçün qarşılıqlı istəyin mövcudluğunu və geniş imkanların olduğunu vurğulayıb, bu əlaqələrin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yaxın günlərdə Serbiyaya gerçəkləşdiriləcək səfərindən sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Tədbirin sonunda Azərbaycana həsr edilmiş sənədli film nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR