Arif Məmmədov: “Azərbaycanın Xankəndinə uçacaq Ermənistan təyyarələrinin məhv ediləcəyi barədə bəyanatları qüvvəsində qalır”

Arif Məmmədov: “Azərbaycanın Xankəndinə uçacaq Ermənistan təyyarələrinin məhv ediləcəyi barədə bəyanatları qüvvəsində qalır”
# 06 iyul 2011 07:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. MDB Dövlətlərarası Aviasiya Komitəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi hava limanına sertifikat verməyəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib.

A. Məmmədov sözügedən məsələnin may ayında MDB Dövlətlərarası Aviasiya Komitəsi sədrinin Bakıya səfəri zamanı müzakirə olunduğunu bildirib.

«Onunla da məsələni müzakirə edib, mövqeyimizi bildirmişik. Sədr də söz verdi ki, Azərbaycan tərəfinin razılığı olmadan Dövlətlərarası Aviasiya Komitəsi aeroportla bağlı heç bir iş görməyəcək. Ermənistanın müraciəti olsa belə, hava limanına sertifikat verməyəcək», - deyə A. Məmmədov vurğulayıb.

ADMAA-nın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) xətti ilə Ermənistan tərəfinə etdiyi xəbərdarlığa cavab verilmədiyini deyən A. Məmmədov bildirib ki, İCAO vasitəsi ilə xəbərdarlıq ediləndən sonra ermənilər aeroportun açılışını təxirə salıb.

«Hansısa dövlət Azərbaycanın tələblərinə qarşı gedib, işğal olunmuş ərazilərə uçuş həyata keçirsə, o dövlətlərə qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq», deyən A. Məmmədov Qarabağ ermənilərinin aeroportun tikintisində istifadə üçün Türkiyədən avadanlıq alması barədə yayılan məlumatların artıq dəqiqləşdirildiyini və doğru olmadığını bildirib.

Administrasiya rəhbəri Azərbaycanın Xankəndinə uçacaq Ermənistan təyyarələrinə qarşı fiziki məhvetmə tətbiqinə dair bəyanatlarının qüvvədə qaldığını da vurğulayıb: «Bu Azərbaycan tərəfinin «Aviasiya haqqında» qanunla haqqıdır. Bu haqdan istifadə olunub-olunmayacağına isə hökumət qərar verəcək».

Ermənistanın əks təqdirdə üzərindəki hava koridorunu Azərbaycan təyyarələri üçün bağlayacağı barədə səsləndirdiyi bəyanatlara münasibət bildirən Administrasiya rəhbərinin sözlərinə görə, Bakının əslində bu koridora ehtiyacı yoxdur: «Həmin koridorsuz da istənilən uçuşları həyata keçirmək mümkündür. Məsələn, Naxçıvana uçmaq üçün Parsabad-Culfa xəttindən istifadə edə bilərik. Eyni zamanda, İrəvanın hava koridorunu bağlasa, Azərbaycan da buna cavab olaraq öz hava məkanını Ermənistan təyyarələrinə bağlamaq barədə qərar qəbul edə bilər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR